Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Diplomedia” layihəsinin ilk görüşü baş tutub. Görüş Azərbaycan Respublikasının ilk Baş naziri, fövqəladə və səlahiyyətli səfir, tarix elmləri doktoru, professor Həsən Həsənovun iştirakı ilə “Diplomatiyada milli dəyərlər” mövzusuna həsr olunub.
Tədbir zamanı diplomatiyada milli dəyərlərin yeri və əhəmiyyəti, milli kimlik və dövlətçilik anlayışları ətrafında müzakirələr aparılıb. Görüş gənclərin diplomatiya sahəsinə dair biliklərinin genişləndirilməsi, eləcə də tarixi və şəxsi təcrübələr əsasında yeni yanaşmalar əldə etmələri baxımından əhəmiyyət daşıyıb.
İnteraktiv sual-cavab formatında davam edən görüşdə iştirakçılar onları maraqlandıran sualları ünvanlamaq, müzakirələrə qoşulmaq və professor Həsən Həsənovun təcrübəsindən faydalanmaq imkanı əldə ediblər.
Görüş gənclər üçün milli dəyərlər, diplomatiya və dövlətçilik mövzularında fikir mübadiləsi aparmaq, yeni biliklər qazanmaq və bu sahələrə dair dünyagörüşlərini genişləndirmək baxımından faydalı platforma olub.


