15/10/2026

WUF13 çərçivəsində gənclərin dayanıqlı şəhərlərin qurulmasındakı rolu müzakirə olunub

Bakı Dövlət Universiteti (BDU) və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının (WAY) təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Gənclər mənzil həllərinin mərkəzində: Dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulması” mövzusunda panel müzakirəsi keçirilib.

Tədbirin moderatoru, BDU-nun əməkdaşı və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədr müavini Mirhüseyn Tağıyev açılış nitqində gənclərin şəhərsalma və şəhər inkişafı proseslərindəki əhəmiyyətini vurğulayıb. O bildirib ki, müasir şəhərlərin inkişafında mənzil təminatı, sosial inklüzivlik və təmiz enerjidən istifadə bir-biri ilə sıx əlaqəlidir. Bu istiqamətlərdə dəyişikliklərin həyata keçirilməsində gənclərin fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.

BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov çıxışında ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə, o cümlədən QS və THE sistemlərində mövqeyinə toxunub. O qeyd edib ki, universitetlər tədrislə yanaşı, dayanıqlı inkişaf, elmi-tədqiqat və sosial inklüzivlik sahələrində də təşəbbüslərini genişləndirməlidirlər.

İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin layihə koordinatoru Nigar Şükürova iqlim dəyişikliklərinə davamlı şəhərlərin qurulmasında gənclərin rolundan bəhs edib. O, regional əməkdaşlığın və innovativ yanaşmaların gənclərin enerji keçidi proseslərinə töhfəsini artırmaq üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

Panelin digər spikeri, “Azerconnect Group”un baş mütəxəssisi Elgün Rzayev innovasiya və biznes proseslərinin idarə olunması məsələlərinə toxunub. O, özəl sektorun dayanıqlı şəhər sistemlərinin formalaşmasındakı rolunu qeyd edərək, gənclərin ideyalarının konkret təşəbbüslərə və real sosial təsirə çevrilməsinin vacibliyini vurğulayıb.

Müzakirənin yekununda süni intellekt, texnologiyalar, enerji keçidi və beynəlxalq əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. İştirakçıların sualları cavablandırılıb, həmçinin gələcək layihələr və əməkdaşlıq imkanları ətrafında müzakirələr keçirilib.

Panel müzakirəsi gənclərin şəhərsalma proseslərində iştirakının təşviqi, dayanıqlı inkişaf həllərinin müzakirəsi və müxtəlif sektorlar arasında əməkdaşlığın əhəmiyyətinin önə çəkilməsi baxımından mühüm platforma olub.

Oxşar xəbərlər