Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının (WAY) təşkilatçılığı ilə “Rəqəmsal Təhlükəsizlik üzrə Gənc Səfirlər” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Görüşdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) Baş katibi Fidan Əhmədova və AKTA-nın eksperti Rəşad Əliyev iştirak ediblər. İnteraktiv formatda təşkil olunan sessiyada “Kibertəhlükəsizlik sahəsində inkişaf və karyera imkanları” mövzusu ətrafında geniş müzakirələr aparılıb.
Mütəxəssislər müasir dövrdə rəqəmsal təhlükəsizliyin fərdi və milli səviyyədə əhəmiyyətindən bəhs edərək, gənclərə kibertəhlükəsizlik sahəsində peşəkar inkişaf imkanları barədə məlumat veriblər. Görüş zamanı bu istiqamətdə tələb olunan müasir bacarıqlar, karyera perspektivləri və peşəkar şəbəkələşmə imkanları ilə bağlı iştirakçılarla praktiki məlumat və təcrübələr bölüşülüb.
Sessiya çərçivəsində kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislərin qarşılaşdığı əsas çağırışlar, bu peşənin üstünlükləri və gələcək əmək bazarında gözlənilən imkanlar da diqqət mərkəzində olub.
İnteraktiv müzakirələr və iştirakçıların sualları ilə davam edən görüş gənclərin kibertəhlükəsizlik sahəsinə dair biliklərinin artırılması, peşəkar istiqamətlər barədə məlumatlandırılması və gələcək karyera imkanlarını daha yaxından tanımaları baxımından faydalı olub.



