15/10/2026

“Digital Diplomatlar” layihəsi davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının (WAY) təşkilatçılığı və NAYORA-nın ev sahibliyi ilə həyata keçirilən “Digital Diplomatlar” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Layihənin növbəti görüşünün qonağı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə olub. Görüşdə “Xarici siyasətin kommunikasiyası” mövzusu ətrafında gənc digital diplomatlarla ətraflı müzakirələr aparılıb.

Ayxan Hacızadə xarici siyasətin kommunikasiyası, beynəlxalq auditoriyaya diplomatik mesajların çatdırılması və bu prosesdə medianın rolu barədə iştirakçılarla öz peşəkar təcrübəsini bölüşüb. Gənclər mövzu ilə bağlı onları maraqlandıran sualları ünvanlayaraq xarici siyasət kommunikasiyasının müxtəlif aspektləri barədə məlumat əldə ediblər.

Görüş zamanı, həmçinin Diplomatiya Könüllüləri proqramı ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar proqramla bağlı təkliflərini səsləndirib, diplomatiya və media sahəsində mövcud imkanlar barədə müzakirələrə qoşulublar.

İnteraktiv formatda davam edən görüş gənclərin diplomatiya, xarici siyasət və media sahələrində biliklərinin genişləndirilməsi baxımından faydalı olub.

Qeyd edək ki, “Digital Diplomatlar” layihəsi gənclərin diplomatiya və beynəlxalq münasibətlər sahəsində biliklərinin artırılması, peşəkarlarla fikir mübadiləsinin təşkili və onların müasir diplomatik kommunikasiya bacarıqlarının inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində müxtəlif mövzularda görüşlərin keçirilməsi davam edir.

Oxşar xəbərlər