Azərbaycan ilə Laos arasında qarşılıqlı etimada əsaslanan siyasi münasibətlər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə möhkəm zəmin yaradır.
Diplomatik əlaqələrin qurulmasından ötən 30 ildən artıq müddətdə ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdiriblər. Eləcə də parlamentlərarası dostluq qruplarının fəaliyyəti, hakim partiyalar arasında mövcud əlaqələr ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini nümayiş etdirir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir. Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik.
Siyasi əlaqələrin yaratdığı imkanlardan iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində daha səmərəli istifadə edilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana ilk rəsmi səfəri çərçivəsində dövlətimizin başçısı ilə keçirilən görüşlər, aparılan müzakirələr, qəbul olunan Birgə Bəyanat iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyur.
İqtisadiyyatların müxtəlif sahələrində qarşılıqlı maraq doğuran istiqamətlərin mövcudluğu əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Xüsusilə nəqliyyat, energetika, mədənçilik, kənd təsərrüfatı və investisiya sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi iqtisadi münasibətlərin gücləndirilməsinə xidmət edə bilər.
Təbii ki, Azərbaycan–Laos biznes forumu işgüzar dairələr arasında birbaşa təmasların qurulması, tərəflərin iqtisadi imkanları barədə məlumat mübadiləsinin aparılması və perspektivli layihələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platformadır.
Son illərdə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş ardıcıl siyasəti ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit və logistika mərkəzlərindən biri kimi mövqeyini gücləndirib. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr isə gələcəkdə Cənub-Şərqi Asiyanın Trans-Xəzər nəqliyyat marşrutu ilə əlaqələndirilməsi baxımından yeni perspektivlər yarada bilər.
İki ölkə arasında münasibətlərin inkişafında təhsil və humanitar əlaqələr xüsusi yer tutur. Tarixən formalaşmış bu əməkdaşlığın yeni şəraitdə davam etdirilməsi həm də xalqlar arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətlidir. Müasir dövrdə təhsil əməkdaşlığı yalnız tələbə mübadiləsi deyil, həm də elmi əlaqələrin genişləndirilməsi, yeni bilik və bacarıqların paylaşılması, gənclər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün mühüm vasitədir. Bu baxımdan, laoslu gənclərin Azərbaycanda təhsil imkanlarının genişləndirilməsi münasibətlərimizin gələcək inkişafına uzunmüddətli töhfə verə bilər.
Beləliklə, Laos Prezidentinin Azərbaycana səfəri çərçivəsində əldə olunan razılaşmalar ölkələrimiz arasında formalaşmış siyasi etimadın konkret iqtisadi layihələr, investisiya təşəbbüsləri, nəqliyyat-logistika sahəsində əməkdaşlıq və insan kapitalının inkişafına yönəlmiş proqramlarla möhkəmləndirilməsinə, bununla da ikitərəfli münasibətlərin daha geniş və uzunmüddətli tərəfdaşlıq müstəvisinə yüksəlməsinə mühüm töhfə verəcək
Şahin İsmayılov
Milli Məclisin Gənclər və idman komitəsinin sədri

