15/10/2026

17 Oktyabr – Füzuli Şəhəri Günü: Zəfərdən quruculuğa uzanan yol

Azərbaycan xalqının müasir tarixində elə günlər var ki, onlar yalnız təqvimdə bir tarix deyil, milli iradənin, tarixi ədalətin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür. 17 Oktyabr – Füzuli Şəhəri Günü məhz belə əlamətdar tarixlərdəndir. Bu gün xalqımızın azadlıq mübarizəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və doğma torpaqlara qayıdış əzminin rəmzi kimi xüsusi məna daşıyır.

2020-ci il oktyabrın 17-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Bu tarixi qələbə uzun illər doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın qəlbində qayıdış ümidini yenidən alovlandırdı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələyə çevrildi. Həmin il noyabrın 16-da isə Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Üçrəngli bayrağımızın doğma torpaqda dalğalanması milli qürurumuzun, dövlət suverenliyimizin və Zəfərimizin əbədi rəmzinə çevrildi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli Şəhəri Günü kimi təsis edildi. Bu qərar tarixi qələbənin əbədiləşdirilməsi ilə yanaşı, Füzulinin keçdiyi ağır işğal dövrünün və azadlıq uğrunda mübarizənin yaddaşlarda yaşadılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Son altı il Füzulinin tarixində azadlıqdan dirçəlişə doğru yeni mərhələnin başlanğıcı olub. İşğaldan azad edildikdən sonra şəhərdə və rayonda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Müasir nəqliyyat, enerji və digər infrastruktur layihələri həyata keçirilib. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəfər yolunun və digər avtomobil yollarının inşası şəhərin Qarabağın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradıb.

Bununla yanaşı, Füzulidə müasir yaşayış məhəllələri, təhsil və sosial infrastruktur yaradılır, insanların rahat və təhlükəsiz yaşayışı üçün zəruri şərait formalaşdırılır. Özbəkistanın dəstəyi ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb və Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş xalqlar arasında dostluğun və həmrəyliyin bariz nümunəsidir.

Füzulinin dirçəlişinin ən mühüm göstəricilərindən biri Böyük Qayıdış prosesidir. 2023-cü ilin avqustundan etibarən keçmiş məcburi köçkünlərin şəhərə qayıdışına başlanılması ilə uzun illər davam edən həsrət tədricən sona çatır. Doğma evlərdə yenidən həyatın canlanması, məktəblərdə uşaqların səsinin eşidilməsi və şəhər mühitinin bərpası qazanılmış Zəfərin real nəticələrini nümayiş etdirir.

Bu gün Füzuli yalnız yenidən qurulan şəhər deyil, Azərbaycanın gücünün, xalqımızın birliyinin və gələcəyə inamının təcəssümüdür. Qarşıda duran əsas məqsəd burada dayanıqlı iqtisadi inkişafı təmin etmək, məşğulluq imkanlarını genişləndirmək, sosial rifahı yüksəltmək və şəhəri sakinləri üçün daha əlverişli yaşayış məkanına çevirməkdir.

17 Oktyabr – Füzuli Şəhəri Günü bizi həm şanlı tariximizlə qürur duymağa, həm də bu Zəfərin hansı böyük fədakarlıqlar hesabına qazanıldığını xatırlamağa çağırır. Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir. Onların qəhrəmanlığı və qazilərimizin fədakarlığı Azərbaycanın Zəfər salnaməsinin ayrılmaz hissəsidir.

Füzulidə dalğalanan Azərbaycan bayrağı bu gün azadlığın, dövlətçiliyin və milli birliyin rəmzidir. Zəfərlə başlayan, quruculuqla davam edən bu yol Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni həyatın, tərəqqinin və Böyük Qayıdışın təntənəsidir.

Təranə Paşayeva
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri
Psixologiya üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər