Yunanıstanın Santorini adasında Mərkəzi və Şərqi Avropa ölkələrinin III Antidopinq Sammiti keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyini (AMADA) İcraçı direktor Təhminə Tağı-zadə təmsil edib.
Yunanıstan Antidopinq Agentliyinin (EOKAN/HADA) ev sahibliyi etdiyi sammitdə Ümumdünya Antidopinq Agentliyinin (WADA), milli antidopinq təşkilatlarının və Avropa institutlarının nümayəndələri iştirak ediblər.
Sammit çərçivəsində 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinin və beynəlxalq standartların tətbiqi, milli antidopinq sistemlərinin maliyyələşdirilməsi, Terapevtik istifadə üçün istisnalar, nəticələrin idarə edilməsi, eləcə də ADAMS və DCO Central sistemlərindən istifadənin praktiki aspektləri müzakirə olunub.
Təhminə Tağı-zadə “Antidopinq sahəsində süni intellektdən istifadə” mövzusunda panel müzakirəsində çıxış edərək bu texnologiyaların milli antidopinq təşkilatlarının gündəlik fəaliyyətində tətbiqi imkanlarından danışıb. Çıxışda testlərin planlaşdırılması, araşdırmalar və maarifləndirmə istiqamətləri üzrə konkret yanaşmalar təqdim olunub.
AMADA-nın İcraçı direktoru süni intellektin əvvəlki test məlumatlarının təhlili, əhatə dairəsindəki boşluqların müəyyənləşdirilməsi və resursların risklərə uyğun bölüşdürülməsində köməkçi alət kimi əhəmiyyətini vurğulayıb. İdmançıların yarış nəticələrini zaman üzrə izləyən Performans Pasportunun digər elmi və analitik vasitələrlə birlikdə daha məqsədyönlü testlərin planlaşdırılmasına töhfə verə biləcəyi qeyd olunub.
Araşdırmalarda məlumatların sistemləşdirilməsi, əlaqələrin və hadisələrin ardıcıllığının təhlili, maarifləndirmədə isə müxtəlif auditoriyalara uyğun materialların hazırlanması, praktiki ssenarilərdən istifadə və təlim nəticələrinin qiymətləndirilməsi imkanları diqqətə çatdırılıb.
Təhminə Tağı-zadə süni intellektdən istifadənin fərdi məlumatların qorunması, informasiya təhlükəsizliyi və idmançı hüquqlarına hörmət prinsiplərinə əsaslanmalı olduğunu bildirib. O, məlumatların şərhi və yekun qərarların qəbulunda insan ekspertizasının və peşəkar məsuliyyətin saxlanılmasının vacibliyini vurğulayıb.
Sammitdə aparılan müzakirələr milli antidopinq təşkilatlarının fəaliyyətində tətbiq oluna biləcək praktiki yanaşmaların öyrənilməsi, təcrübə mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsi baxımından faydalı olub. Məhdud resurslarla çalışan təşkilatlar üçün birgə sınaqdan keçirilmiş alətlərdən və ortaq təcrübədən istifadənin əhəmiyyəti də qeyd edilib.
AMADA sammitin yüksək səviyyədə təşkili və səmərəli peşəkar dialoq mühitinin yaradılmasına görə Mərkəzi Avropa Antidopinq Təşkilatına (CEADO), Polşa Antidopinq Agentliyinə (POLADA) və EOKAN/HADA-ya təşəkkürünü bildirir.



