26/10/2026

“Şəhid ailələrinin sosial, psixoloji dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Şəhid ailələrinin sosial, psixoloji dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində şəhid ailələrinin üzvləri ilə ilk görüş keçirilib.

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nda keçirilən tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri Rəşad Bayramov layihə haqqında ətraflı məlumat verib. O, bildirilib ki, layihə çərçivəsində şəhid ailələri ilə müxtəlif görüşlər keçiriləcək, onları maraqlandıran və narahat edən məsələlərlə bağlı peşəkar psixoloq və hüquqşünas tərəfindən müvafiq dəstək göstəriləcək.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın təsisçisi, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva layihə iştirakçılarını salamlayaraq, mərkəzin hər zaman şəhid ailələri və qaziləri diqqət mərkəzində saxladığını qeyd edib. O, həmçinin “Loqos” tərəfindən indiyədək həyata keçirilən layihələr barədə geniş məlumat verib.

Layihə çərçivəsində görüşdə iştirak edən şəhid ailələrinin üzvləri yaradılan şəraitə, göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Daha sonra layihə iştirakçıları Rezidensiya ilə yaxından tanış olub, mərhum millət vəkili Qənirə Paşayevanın xatirə otağını ziyarət ediblər.

Tədbirin davamında şəhid ailələri üçün nəzərdə tutulan psixoloji və hüquqi dəstək üzrə fərdi konsultasiyalar keçirilib. Qeyd edək ki, şəhid ailələrinin nümayəndələri ümumilikdə 25 psixoloji və 10 hüquqi dəstək xidməti almaq məqsədilə peşəkar psixoloq və hüquqşünas tərəfindən keçirilən fərdi görüşlərdə iştirak ediblər.

Məlumat üçün bildiririk ki, layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı, Sumqayıt və Astara şəhərlərində də şəhid ailələri ilə görüşlər keçiriləcək, onlara hüquqi və psixoloji dəstək göstəriləcək.

Oxşar xəbərlər