29/10/2026

Kamran Bayramov: Prezidentin Forumdakı çıxışı müstəqil xarici siyasətimizin növbəti təntənəsidir

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı ölkəmizin milli maraqlarının qorunması, müstəqil xarici siyasət kursunun davam etdirilməsi və qlobal miqyasda irəli sürdüyü strateji baxışların təşviq edilməsi baxımından son dərəcə əhəmiyyətli bir siyasi gediş kimi diqqəti cəlb etdi. Dövlət başçısının bu nüfuzlu beynəlxalq platformada səsləndirdiyi fikirlər bir tərəfdən Azərbaycanın əsrlər boyu formalaşmış zəngin multikulturalizm və tolerantlıq ənənələrini nümayiş etdirdisə, digər tərəfdən ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və qlobal ədalət prinsiplərinə əsaslanan müstəqil siyasi iradəsini bütün dünyaya bir daha bəyan etdi.”

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, dövlət başçısının çıxışının əsas leytmotivini təşkil edən mədəniyyətlərarası və dinlərarası münasibətlər yalnız humanitar müstəvidə deyil, həm də dövlətlərarası münasibətlərdə sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın təmin edilməsinin mühüm aləti kimi qiymətləndirildi. Prezident İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, Azərbaycan Asiya ilə Avropa arasında qədimdən mövcud olan mədəniyyət və tərəfdaşlıq körpüsü rolunu bu gün də uğurla davam etdirir, bu isə ölkəmizin geostrateji mövqeyinin onun yumşaq güc potensialı ilə necə uğurla uzlaşdırıldığını aydın göstərir.

K.Bayramov qeyd edib ki, milli maraqlar baxımından çıxışın ən mühüm məqamlarından biri daxili sabitliyin və cəmiyyət-dövlət birliyinin qətiyyətlə vurğulanması idi ki, dövlət başçısı ölkəmizdə hər hansı daxili riskin mövcud olmadığını, bütün potensial təhlükələrin məhz xaricdən qaynaqlandığını qeyd etməklə təhlükəsizlik arxitekturasının nə qədər möhkəm təməllər üzərində qurulduğunu ortaya qoymuşdur. Eyni zamanda, beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlar, qlobal ədalətsizliklər və münaqişələrə birtərəfli yanaşmalar sərt şəkildə tənqid olundu, Azərbaycanın keçmişdə üzləşdiyi haqsızlıqların və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasının yaratdığı fəsadlar diqqətə çatdırıldı.

Deputat həmçinin vurğulayıb ki, Azərbaycanın öz gücü hesabına tarixi ədaləti bərpa etməsi, işğala son qoyması, separatizmin kökünü kəsməsi və hazırda regionda sülhün yayılması fəlsəfəsini təbliğ etməsi ölkənin müstəqil xarici siyasətinin qələbəsi kimi dəyərləndirilməlidir. Növbəti iki ildə mötəbər beynəlxalq və regional təşkilatlarının və birliklərinin zirvə görüşlərinin Bakıda keçiriləcəyinin elan edilməsi və ölkənin qlobal miqyaslı tədbirlərin mərkəzinə çevrilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, qətiyyətli mövqeyinin və etibarlı tərəfdaş imicinin əyani sübutudur.

K.Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan, regional və qlobal miqyasda sülh, əməkdaşlıq və bərabərlik prinsiplərini dəstəkləyən müstəqil, prinsipial və uzaqgörən xarici siyasət kursunun növbəti təntənəsi kimi dərin siyasi məna daşıyır.

Oxşar xəbərlər