Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyinin təşəbbüsü ilə təşkilatın nəzdində “Günəş Təlim-Tədris Mərkəzi” yaradılıb.
2025-cı ildən fəaliyyətə başlayan mərkəzin əsas məqsədi məktəbəqədər yaşlı uşaqların hərtərəfli inkişafına dəstək olmaq, onların məktəb həyatına hazırlanmasını təmin etmək və erkən yaşlardan öyrənmə bacarıqlarının formalaşmasına töhfə verməkdir.Mərkəzdə uşaqların yaş xüsusiyyətləri və fərdi inkişaf ehtiyacları nəzərə alınmaqla təlim-tədris prosesinin təşkili, idrak, nitq, ünsiyyət, sosiallaşma və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.
“Günəş” Təlim-Tədris Mərkəzinin yaradılması uşaqların erkən inkişafına, onların keyfiyyətli məktəbəqədər təhsil imkanlarına çıxışına və ailələrə göstərilən sosial dəstəyin genişləndirilməsinə xidmət edir.Mərhəmət Ocağı İctimai Birliyinin rəhbəri Eliza İsmayılova bildirib ki, erkən uşaqlıq dövrü şəxsiyyətin formalaşmasında mühüm mərhələdir və bu dövrdə uşaqlara göstərilən diqqət, düzgün pedaqoji yanaşma və inkişafetdirici mühit onların gələcək təhsil həyatına müsbət təsir göstərir.
Onun sözlərinə görə, yeni mərkəzin yaradılmasında əsas məqsədlərdən biri uşaqlar üçün təhlükəsiz, qayğıkeş və öyrənməyə həvəsləndirən mühit formalaşdırmaq, eyni zamanda valideynlərin məktəbəqədər təhsil və erkən inkişaf sahəsində ehtiyaclarına dəstək olmaqdır.Təşkilat gələcəkdə “Günəş” Təlim-Tədris Mərkəzinin fəaliyyət istiqamətlərinin genişləndirilməsini, məktəbəqədər təhsil sahəsində yeni yanaşmaların tətbiqini və uşaqların inkişafına yönəlmiş maarifləndirici təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
“Günəş” Təlim-Tədris Mərkəzi uşaqların bilik, bacarıq və yaradıcılıq potensialının üzə çıxarılmasına, onların məktəb həyatına inamla addımlamasına xidmət edən yeni bir təşəbbüsdür.
Mərhəmət Ocağı İctimai Birliyinin nəzdində “Günəş” Təlim-Tədris Mərkəzi yaradılıb

