01/11/2026

Mərhəmət Ocağı: Qadınların hüquqlarının qorunması və cəmiyyətdə bərabər imkanların yaradılması prioritet olmalıdır


8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyi qadınların cəmiyyətdə rolunun artırılması, hüquqlarının qorunması və sosial rifahının yaxşılaşdırılması istiqamətində çağırış edib.
Təşkilatın rəhbəri Eliza İsmayılova bildirib ki, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı, onların təhsil, məşğulluq və qərarvermə proseslərində bərabər imkanlara malik olması dayanıqlı inkişafın əsas şərtlərindəndir.Onun sözlərinə görə, xüsusilə sosial və iqtisadi çətinliklərlə üzləşən, ailədaxili zorakılıqdan zərər çəkən, təkbaşına övlad böyüdən və sosial dəstəyə ehtiyacı olan qadınların müdafiəsi diqqət mərkəzində saxlanılmalıdır.
“Qadınların gücləndirilməsi yalnız onların fərdi inkişafı deyil, bütövlükdə ailənin və cəmiyyətin inkişafı deməkdir. Qadın öz hüquqlarını bildiyi, təhlükəsiz və dəstəkləyici mühitdə yaşadığı zaman uşaqların gələcəyinə də daha sağlam zəmin yaranır”, – deyə təşkilat rəhbəri qeyd edib.İctimai Birlik qadınların hüquqi maarifləndirilməsi, sosial bacarıqlarının inkişafı, məşğulluq imkanlarının genişləndirilməsi və gender bərabərliyinin təşviqinin vacibliyini vurğulayır.
Təşkilat bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara sağlamlıq, firavanlıq və uğurlar arzulayır.

Oxşar xəbərlər