2 Aprel – Ümumdünya Autizm Məlumatlandırma Günü münasibətilə Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyi autizmli uşaqların hüquqlarının qorunması, onların təhsil və sosial həyata bərabər çıxış imkanlarının təmin edilməsi ilə bağlı ictimaiyyətə müraciət edib.
Təşkilatın rəhbəri Eliza İsmayılova bildirib ki, autizmli uşaqların cəmiyyətə inteqrasiyası yalnız ailələrin deyil, təhsil müəssisələrinin, sosial xidmətlərin və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir.Onun fikrincə, autizmli uşaqlara münasibətdə stereotiplərin aradan qaldırılması, fərdi ehtiyacların nəzərə alınması və onların potensialının üzə çıxarılması üçün əlçatan və dəstəkləyici mühit yaradılmalıdır.
“Autizmli uşaqların da öz maraqları, bacarıqları, arzuları və inkişaf imkanları var. Onları dəyişdirməyə deyil, anlamağa, qəbul etməyə və inkişaflarını dəstəkləməyə çalışmalıyıq. Hər bir uşaq özünü cəmiyyətin bərabərhüquqlu üzvü kimi kimi hiss etməlidir”, – deyə təşkilat rəhbəri vurğulayıb.
İctimai Birlik valideynlərin məlumatlandırılması, erkən dəstək xidmətlərinin əlçatanlığının artırılması, inklüziv təhsilin inkişafı və mütəxəssislərlə ailələr arasında əməkdaşlığın gücləndirilməsini vacib hesab edir.Təşkilat cəmiyyəti autizmli şəxslərə qarşı daha anlayışlı, həssas və dəstəkləyici münasibət göstərməyə çağırır.
Unutmayaq: fərqlilik ayrı-seçkilik üçün deyil, qarşılıqlı anlayış və qəbul üçün əsas olmalıdır.

