01/11/2026

Uşaqların yeri əmək bazarında deyil, təhsil və inkişaf mühitindədir

12 İyun – Uşaq Əməyinə Qarşı Ümumdünya Mübarizə Günü münasibətilə Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyi uşaqların istismarının qarşısının alınması, onların təhsil hüququnun qorunması və təhlükəsiz uşaqlıq şəraitinin yaradılması ilə bağlı çağırış edib.

Təşkilatın rəhbəri Eliza İsmayılova bildirib ki, uşaqların məcburi əmək fəaliyyətinə cəlb olunması onların fiziki, psixoloji və sosial inkişafına mənfi təsir göstərməklə yanaşı, təhsil və gələcək imkanlarını da məhdudlaşdırır.O qeyd edib ki, xüsusilə sosial müdafiəyə ehtiyacı olan ailələrdə yaşayan uşaqlar, küçə həyatına məruz qalan və müxtəlif istismar riskləri ilə üzləşən azyaşlılar daha həssas müdafiə mexanizmlərinə ehtiyac duyurlar.

“Uşaqlıq dövrü işləmək və ailənin maddi yükünü daşımaq üçün deyil, öyrənmək, inkişaf etmək, oyun oynamaq və gələcəyə hazırlaşmaq üçündür. Heç bir uşaq iqtisadi çətinliklərin və ya böyüklərin məsuliyyətsizliyinin qurbanına çevrilməməlidir”, – deyə təşkilat rəhbəri vurğulayıb.

İctimai Birlik uşaqların əmək istismarının qarşısının alınması üçün ailələrin sosial müdafiəsinin gücləndirilməsini, təhsildən yayınma hallarına diqqətin artırılmasını və müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsini vacib hesab edir.Təşkilat uşaqların hüquqlarının qorunması istiqamətində dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını, təhsil müəssisələrini və ictimaiyyəti birgə fəaliyyətə çağırır.
Hər bir uşağın işləmək məcburiyyətində qalmadan, təhsil aldığı və təhlükəsiz böyüdüyü bir gələcək hüququ var.

Oxşar xəbərlər