2025-ci il oktyabrın 18–19-da Şuşa şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” keçirilib. Tədbirdə 100-ə yaxın QHT təmsilçisi iştirak edib.Proqramda Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyini təşkilatın layihə meneceri Emin Mehdizadə təmsil edib.
Proqram çərçivəsində iştirakçılar layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu, hədəf qruplarının müəyyən edilməsi və tərəfdaşlarla iş istiqamətlərində bilik və bacarıqlarını artırıblar.Təlimlər zamanı QHT nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb, sektorun inkişafı və təşkilatların institusional potensialının gücləndirilməsi ilə bağlı müzakirələr keçirilib. Proqramın yekununda uğurlu nəticə göstərən iştirakçılara sertifikatlar təqdim olunub.Mərhəmət Ocağı İctimai Birliyinin layihə meneceri Emin Mehdizadə proqramın əhəmiyyətini vurğulayaraq bildirib:
“Bu proqram QHT-lərin peşəkarlığının artırılması, təcrübə və bilik mübadiləsi üçün əvəzsiz platformadır. Şuşada keçirilən təlimlər QHT sektorunun inkişafına, layihələrin daha effektiv hazırlanmasına və icrasına, eləcə də cəmiyyət üçün faydalı təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verir. Belə proqramlarda iştirak təşkilatımızın institusional potensialının gücləndirilməsi və gələcək fəaliyyətimizin daha səmərəli qurulması baxımından əhəmiyyətlidir”.Qeyd edək ki, Agentlik tərəfindən indiyədək beş İnkişaf və Mübadilə Proqramı həyata keçirilib. VI proqramla birlikdə bu təşəbbüslərdə iştirak edən QHT təmsilçilərinin sayı 600 nəfərə çatıb.
Mərhəmət Ocağı İctimai Birliyi QHT sektorunun inkişafına, qadınların və uşaqların sosial müdafiəsinə, ictimai təşəbbüslərin genişləndirilməsinə və vətəndaş cəmiyyətinin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirir.


