2025-ci il oktyabrın 19–20-də Xankəndi şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. Forumda ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən 300-dən çox QHT nümayəndəsi iştirak edib.Forumda “Mərhəmət Ocağı” Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyinin layihə meneceri Emin Mehdizadə və təşkilatın digər nümayəndələri də iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Forum çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası”, “Rəqəmsal QHT konsepsiyası: süni intellekt və rəqəmsal həllər”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar” və “Türkman irsi: tarixi köklərə sədaqət” mövzularında panel müzakirələri təşkil olunub.Müzakirələr zamanı QHT-lərin beynəlxalq platformalarda təmsilçiliyinin gücləndirilməsi, təşkilatlararası əməkdaşlığın genişləndirilməsi, rəqəmsal texnologiyaların və süni intellekt imkanlarının vətəndaş cəmiyyəti sektorunda tətbiqi, eləcə də beynəlxalq tərəfdaşlıqların inkişafı məsələləri diqqət mərkəzində olub.
Forumda iştirak edən “Mərhəmət Ocağı” İctimai Birliyinin layihə meneceri Emin Mehdizadə tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb:“Xankəndidə belə genişmiqyaslı QHT forumunun keçirilməsi və müxtəlif regionlardan olan təşkilat nümayəndələrinin bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, müasir dövrdə QHT-lərin fəaliyyəti yalnız ayrı-ayrı layihələrin həyata keçirilməsi ilə məhdudlaşmamalı, təşkilatlar arasında davamlı əməkdaşlıq, təcrübə mübadiləsi və ortaq təşəbbüslərin formalaşdırılması ilə müşayiət olunmalıdır.Xüsusilə qadınların, uşaqların, gənclərin və sosial baxımdan həssas qrupların müdafiəsi istiqamətində çalışan təşkilatların birgə fəaliyyəti daha geniş sosial təsir yaratmaq imkanına malikdir. Rəqəmsallaşma və süni intellektin inkişaf etdiyi bir dövrdə QHT-lərin də yeni texnologiyalardan istifadə imkanlarını genişləndirməsi vacibdir.
Xankəndidə keçirilən bu forum bizim üçün həm yeni təcrübə qazanmaq, həm də gələcək əməkdaşlıqların əsasını qoymaq baxımından əhəmiyyətli platformadır. İnanıram ki, bu cür görüşlər vətəndaş cəmiyyətinin institusional inkişafına, QHT-lərin beynəlxalq əlaqələrinin genişlənməsinə və daha səmərəli sosial layihələrin həyata keçirilməsinə töhfə verəcək”.Forum çərçivəsində iştirakçılar arasında fikir və təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Tədbir bədii proqramla yekunlaşıb.Qeyd edək ki, “Mərhəmət Ocağı” Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyi qadınların və uşaqların sosial inkişafı, həssas qrupların müdafiəsi, sosial maarifləndirmə və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyət göstərir. Təşkilat bu kimi platformalarda iştirak etməklə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə və yeni sosial təşəbbüslərin reallaşdırılmasına töhfə verməyi hədəfləyir.


