01/11/2026

“Mərhəmət Ocağı” İctimai Birliyinin nümayəndələri QHT-BİZNES tərəfdaşlığı üzrə təlimdə iştirak ediblər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Prioritet Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi “QHT-BİZNES tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində KSM Strategiyasına uyğun layihə təkliflərinin hazırlanması mövzusunda təlim keçirilib.Təlimdə “Mərhəmət Ocağı” Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.
Təlimi AmCham Azərbaycanın Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsinin sədr müavini Ceyhun Atayev aparıb.Təlim zamanı Azərbaycanda korporativ sosial məsuliyyət (KSM) və ESG standartları, şirkətlərlə vətəndaş cəmiyyəti təşkilatları arasında strateji əməkdaşlıq mexanizmləri, layihələrin effektivliyinin ölçülməsi üçün KPI göstəriciləri, investisiya əsaslandırmaları, beynəlxalq sosial məsuliyyət təcrübələri və icma layihələrinin həyata keçirilməsi istiqamətində uğurlu əməkdaşlıq modelləri barədə ətraflı məlumat verilib.İştirakçılar biznes sektorunun sosial məsuliyyət strategiyalarına uyğun layihə təkliflərinin hazırlanması, şirkətlərin prioritetlərinin müəyyənləşdirilməsi və QHT-lərin bu prosesdə tərəfdaş kimi iştirak imkanları ətrafında fikir mübadiləsi aparıblar.
“Mərhəmət Ocağı” İctimai Birliyinin layihə menecerləri Emin Mehdizadə təlimin əhəmiyyətini vurğulayaraq bildirib:“Bu gün QHT-lərin davamlı və effektiv fəaliyyət göstərməsi üçün yalnız qrant maliyyələşməsindən asılı olmaması, alternativ maliyyə və tərəfdaşlıq imkanlarını da inkişaf etdirməsi vacibdir. Biznes sektoru ilə vətəndaş cəmiyyəti arasında qurulan əməkdaşlıq sosial problemlərin həllində daha geniş imkanlar yarada bilər.Xüsusilə qadınların və uşaqların sosial müdafiəsi, təhsilə çıxış imkanlarının genişləndirilməsi, həssas qruplara dəstək və inklüzivliyin təşviqi istiqamətində biznes strukturları ilə birgə layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.Hesab edirəm ki, QHT-lər şirkətlərə yalnız sosial layihələrin icraçısı kimi deyil, həm də sosial ehtiyacları müəyyən edən, peşəkar təcrübəyə malik və davamlı nəticələr yaradan strateji tərəfdaş kimi təqdim olunmalıdırlar. Bu təlimdə əldə etdiyimiz bilik və yanaşmaların təşkilatımızın gələcək layihələrinin hazırlanmasında və yeni tərəfdaşlıqların qurulmasında faydalı olacağına inanırıq”.
Təlim sual-cavab sessiyası və praktiki müzakirələrlə yekunlaşıb.Qeyd edək ki, “Mərhəmət Ocağı” Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyi qadınların və uşaqların sosial inkişafı, həssas qrupların müdafiəsi, inklüzivlik və sosial maarifləndirmə istiqamətlərində fəaliyyət göstərir. Təşkilat gələcək fəaliyyətində dövlət qurumları, biznes strukturları və digər vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.

Oxşar xəbərlər