Oktyabrın 22-də Bakıda “Qızların Təhsilinə Dəstək” layihəsinin beşillik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə “Mərhəmət Ocağı” Qadın və Uşaqların Sosial İnkişafına Yardım İctimai Birliyinin layihə meneceri Lamiyə Rzayeva-Əhmədli də iştirak edib.
Yubiley tədbiri qızların təhsil hüququnun dəstəklənməsi, onların bilik və bacarıqlarının inkişafı, gələcək karyera imkanlarının genişləndirilməsi və cəmiyyətdə fəal iştiraklarının təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.
Tədbirlə bağlı təəssüratlarını bölüşən Lamiyə Rzayeva-Əhmədli qızların təhsilinə yönələn təşəbbüslərin yalnız fərdi uğurların deyil, bütövlükdə cəmiyyətin inkişafının əsasını təşkil etdiyini vurğulayıb. Onun fikrincə, hər bir qızın keyfiyyətli təhsil alması, öz potensialını reallaşdırması və gələcəyini sərbəst seçimlər əsasında qurması üçün bərabər imkanların yaradılması vacibdir.
O, həmçinin qadınların və qızların sosial inkişafını dəstəkləyən layihələrin genişləndirilməsinin, dövlət qurumları, təhsil müəssisələri və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
“Mərhəmət Ocağı” İctimai Birliyi qadınların və uşaqların sosial inkişafına, onların hüquq və imkanlarının genişləndirilməsinə yönələn təşəbbüsləri əhəmiyyətli hesab edir. Təşkilat bu istiqamətdə maarifləndirmə və əməkdaşlıq imkanlarının inkişafını vacib prioritetlərdən biri kimi dəyərləndirir.


