2026-cı il oktyabrın 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə keçirilən sərgi çərçivəsində uşaqlarda mütaliə mədəniyyətinin inkişafı, ailənin və təhsil müəssisələrinin bu prosesdə rolu, eləcə də rəqəmsal dövrdə oxu vərdişlərinin formalaşdırılması kimi aktual məsələlər diqqət mərkəzində olub.
Sərgi çərçivəsində təşkil olunan “Gələcəyin oxucusu: Birgə məsuliyyət, ailə və təhsil” adlı panel müzakirəsində “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin sədr müavini, uşaq inkişafı üzrə mütəxəssis və həkim-pediatr Ülviyyə Mirzəyeva iştirak edib.
Panelin əsas məqsədi uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılmasında ailənin, təhsil müəssisələrinin və dövlətin rolunu müzakirə etmək, rəqəmsal dövrdə oxu vərdişlərinin inkişafı üçün praktik yanaşmaları müəyyənləşdirmək və bu istiqamətdə birgə məsuliyyət modelini təşviq etmək olub.
Müzakirələrdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, valideyn, kitab bloqeri və PR mütəxəssisi Sərxan Rüstəmov, eləcə də digər iştirakçılar təmsil olunublar.
Panel çərçivəsində uşaqların kitaba marağının artırılması, mütaliə vərdişlərinin erkən yaşlardan aşılanması, valideynlərin bu prosesdə fəal iştirakı və təhsil müəssisələri ilə ailələr arasında əməkdaşlığın gücləndirilməsi kimi məsələlərin müzakirəsi üçün platforma yaradılıb.
Uşaqların erkən inkişafı, onların intellektual və sosial bacarıqlarının dəstəklənməsi istiqamətində fəaliyyət göstərən “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi üçün bu cür təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. Erkən yaşlardan kitaba marağın formalaşdırılması uşaqların nitq və dil bacarıqlarının, təxəyyülünün, düşünmə qabiliyyətinin və ünsiyyət vərdişlərinin inkişafına töhfə verir.
İctimai Birliyin sədr müavini Ülviyyə Mirzəyevanın paneldə iştirakı uşaq inkişafı sahəsində təcrübə mübadiləsi, aktual məsələlərin müzakirəsi və uşaqların hərtərəfli inkişafını dəstəkləyən yanaşmaların təşviqi baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi yerli və xarici nəşriyyatları, müəllifləri, alimləri və kitab sənayesinin digər nümayəndələrini bir araya gətirərək mütaliə mədəniyyətinin təşviqinə, ədəbi əlaqələrin genişləndirilməsinə və kitab sənayesində əməkdaşlığın inkişafına xidmət edir


