23 aprel 2026-cı il tarixində “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Memarlıqda qadın iştirakçılığının təbliği” mövzusunda konfrans keçirilib.
Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Memarlar İttifaqının tərəfdaşlığı ilə baş tutub.
Konfransda Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi İctimai Birliyinin sədri Ülviyyə Mirzəyeva da iştirak edib.Tədbir çərçivəsində qadınların memarlıq və şəhərsalma sahəsində iştirakının artırılması, onların iqtisadi imkanlarının genişləndirilməsi, hüquqi islahatlar, təhlükəsiz şəhər mühitinin formalaşdırılması və gender həssas şəhərsalma yanaşmaları müzakirə olunub.Konfransın iki panel sessiyasında qadınların peşəkar inkişafı, qərarvermə proseslərində təmsilçiliyi və şəhər mühitinin daha təhlükəsiz, əlçatan və inklüziv olması istiqamətində fikir mübadiləsi aparılıb.
Portec Şəbəkəsi hesab edir ki, müasir şəhərsalma yanaşmalarında əlilliyi olan şəxslərin, uşaqların, yaşlıların və digər həssas qrupların ehtiyacları nəzərə alınmalıdır. Universal dizayn prinsiplərinin tətbiqi, ictimai məkanların əlçatanlığı və inklüziv infrastrukturun inkişafı hər kəs üçün bərabər imkanların yaradılmasına xidmət edir.Portec Şəbəkəsi inklüziv cəmiyyətin formalaşdırılması, uşaqların və ailələrin sosial rifahının dəstəklənməsi, əlilliyi olan şəxslərin hüquq və imkanlarının təşviqi istiqamətində fəaliyyətini davam etdirir.


