2 aprel – Dünya Autizm Maarifləndirmə Günü münasibətilə Yeni Klinikada “Autizmin Dünəni, Bu Günü və Sabahı” adlı I Azərbaycan Beynəlxalq Forumu keçirilib.
“Bayraqdar” İctimai Birliyi və “PediArt Child & Family Systems” MMC-nin təşkilatçılığı ilə keçirilən forumda “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin sədri, uşaq inkişafı üzrə mütəxəssis Ülviyyə Mirzəyeva da iştirak edib.Forumun əsas məqsədi autizm sahəsində ictimai maarifləndirmənin artırılması, elmi bilik və beynəlxalq təcrübə mübadiləsinin gücləndirilməsi, mütəxəssislər, valideynlər və aidiyyəti qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi olub.Tədbirdə TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, Milli Məclisin deputatları Ceyhun Məmmədov və Məlahət İbrahimqızı, Türkiyədən dəvət olunmuş mütəxəssislər, yerli ekspertlər, səhiyyə və sosial xidmət nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Forumun açılışında autizm sahəsində maarifləndirmə, erkən diaqnostika, erkən müdaxilə xidmətlərinin genişləndirilməsi və reabilitasiya imkanlarının inkişafı məsələlərinə toxunulub. Çıxışlarda autizm spektr pozuntuları olan uşaqların sosial həyata inteqrasiyası, onların hüquqlarının qorunması və ailələrə göstərilən dəstəyin gücləndirilməsinin vacibliyi vurğulanıb.Forum çərçivəsində Türkiyədən dəvət olunmuş uşaq və yeniyetmə psixiatrı Adil Zorlu, uşaq inkişafı üzrə ekspert Can Erdoğan, həkim-nutrisioloq İlahə Canıyeva, uşaq inkişafı mütəxəssisi Ülviyyə Mirzəyeva, ergoterapist Tami Lenart və Yeni Klinikanın uşaq və yeniyetmə psixoloqu Aytac Quliyeva müxtəlif mövzularda çıxış ediblər.Müzakirələrdə autizm spektr pozuntularının erkən aşkarlanması, uşaqların fərdi inkişaf xüsusiyyətlərinin nəzərə alınması, multidisiplinar komanda işinin təşkili, fərdi dəstək və terapiya planlarının hazırlanması məsələləri diqqət mərkəzində olub.
Üç paneldən ibarət forumda Azərbaycan və Türkiyədən olan valideynlər öz həyat təcrübələrini bölüşərək övladlarının inkişafı prosesində qarşılaşdıqları çətinliklər, əldə etdikləri nəticələr və dəstək ehtiyacları barədə danışıblar. Almaniyada fəaliyyət göstərən “El El” dərnəyinin nümayəndəsi isə onlayn formatda iştirak edərək şəxsi təcrübəsini bölüşüb.Tədbirdə, həmçinin multidisiplinar yanaşmanı əsas götürən “Pediart PEM” və “Pediart One” sistemləri haqqında təqdimat keçirilib, uşaqların inkişafında kompleks və fərdiləşdirilmiş dəstək modellərinin əhəmiyyəti müzakirə olunub.
Portec Şəbəkəsinin sədri Ülviyyə Mirzəyeva forumda iştirakın əhəmiyyətini vurğulayaraq bildirib:“Autizmə yanaşmada ən vacib məqamlardan biri uşağı yalnız diaqnozu ilə deyil, onun fərdi inkişaf xüsusiyyətləri, potensialı və ehtiyacları ilə birlikdə qiymətləndirməkdir. Erkən müdaxilə, ailənin prosesə cəlb olunması və müxtəlif sahələrin mütəxəssisləri arasında əməkdaşlıq uşağın inkişafının dəstəklənməsində mühüm rol oynayır.Uzun illərdir erkən yardım və uşaq inkişafı istiqamətində fəaliyyət göstərən bir təşkilat olaraq hesab edirik ki, autizmli uşaqların və onların ailələrinin ehtiyaclarına kompleks yanaşılmalıdır. Valideynlərin maarifləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması, eləcə də cəmiyyətindüzgün məlumatlandırılması inklüziv mühitin formalaşdırılmasının əsas şərtlərindəndir.Bu forum yerli və beynəlxalq mütəxəssislərin, valideynlərin və QHT nümayəndələrinin bir araya gəlməsi baxımından əhəmiyyətli platformadır. Belə tədbirlər təcrübə mübadiləsinə, yeni əməkdaşlıqların qurulmasına və erkən müdaxilə xidmətlərinin inkişafına töhfə verir”.Forum iştirakçılar arasında geniş fikir mübadiləsi, elmi və praktiki təcrübə paylaşımı ilə davam edib. Tədbirin sonunda autizm sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi, mütəxəssislərarası əməkdaşlığın genişləndirilməsi və ailəyönümlü dəstək mexanizmlərinin inkişafı perspektivləri müzakirə olunub.
Qeyd edək ki, “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi 2011-ci ildən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqların erkən inkişafı, ailələrə dəstək, erkən müdaxilə xidmətlərinin təşviqi və inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyət göstərir. Təşkilat bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə, mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinə və uşaqların inkişaf imkanlarının genişləndirilməsinə xüsusi önəm verir.


