2025-ci il oktyabrın 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirakla bağlı QHT-lər üçün informasiya sessiyası keçirilib.
Tədbirdə “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyini təşkilatın sədri Ülviyyə Mirzəyeva təmsil edib.
İnformasiya sessiyasının əsas məqsədi QHT nümayəndələrini WUF13-ün məqsədləri, əsas proqram istiqamətləri, iştirak mexanizmləri və vətəndaş cəmiyyəti təşkilatları üçün yaradılan imkanlar barədə məlumatlandırmaq olub.Tədbir zamanı WUF13-ün gündəliyi, iştirak formaları və qeydiyyat prosesi haqqında ətraflı təqdimat keçirilib. İştirakçıların sualları cavablandırılıb, QHT nümayəndələrinin təklif və təşəbbüsləri dinlənilib.İnfosessiyada WUF13 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbərinin müavini Gülşən Rzayeva çıxış edərək qeyri-hökumət təşkilatlarının forumda iştirak imkanları və prosesə qoşulma mexanizmləri barədə məlumat verib.Sessiya çərçivəsində QHT-lərin dayanıqlı şəhərsalma, ətraf mühitin qorunması, sosial inklüzivlik və şəhər mühitində bərabər imkanların təmin olunması istiqamətlərində beynəlxalq müzakirələrə töhfə verməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi üçün bu istiqamətlər xüsusi əhəmiyyət daşıyır. Belə ki, əlilliyi olan şəxslərin və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, onların ictimai xidmətlərdən bərabər istifadəsi və inklüziv mühitin formalaşdırılması təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir.Təşkilat hesab edir ki, WUF13 kimi beynəlxalq platformalar inklüziv şəhərsalma prinsiplərinin təşviqi, əlçatanlığın artırılması və sosial baxımdan həssas qrupların ehtiyaclarının şəhərsalma siyasətində nəzərə alınması baxımından mühüm əməkdaşlıq imkanları yaradır.Qeyd edək ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası (WUF13) dayanıqlı şəhərsalma və şəhərlərin gələcək inkişafı ilə bağlı qlobal təcrübə və yanaşmaların müzakirəsi üçün beynəlxalq platformadır.



