2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi, ölkənin tarixinə qızıl hərflərlə yazılmış bir hadisədir. Bu, yalnız hərbi bir uğur deyil, eyni zamanda milli qürur və birlik simvolu oldu. Şuşanın azad edilməsi, müharibənin gedişatını dəyişdirdi və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm bir addım oldu. Bu tarix, həm də xalqın tarixi irsinin və mədəniyyətinin qorunması baxımından əhəmiyyətlidir.
8 Noyabr Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Zəfər Günü olaraq elan edildi. Bu gün, Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsinin simvolu kimi qeyd olunur. Zəfər Günü, həmçinin, müharibədəki qələbənin, milli birlik və həmrəyliyin əhəmiyyətini vurğulayır. Hər il bu gün, müxtəlif tədbirlərlə, paradlarla və bayram şənlikləri ilə qeyd edilir.
Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Şuşanın strateji və simvolik əhəmiyyətini vurğulayıb. O, müharibənin ilk günlərindən etibarən qeyd edirdi ki, Şuşa şəhərinin azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası və qələbənin təmin edilməsi üçün vacibdir. Şuşa, tarixi və mədəni dəyəri ilə yanaşı, həm də hərbi-strateji baxımdan mühüm bir mərkəzdir. Bu səbəbdən, onun azad edilməsi müharibənin gedişatını dəyişdi və Azərbaycan ordusunun qələbəsinə böyük təsir göstərdi.
Düşmənin yüksək dağlıq ərazidə yerləşən mövqeləri, müdafiə etməsi asan olan strateji nöqtələr idi. Bu, ordumuzun mübarizə aparmasını daha da çətinləşdirirdi. Yüngül silahlarla döyüşən əsgərlər, düşmənin mövqelərini dəf etmək üçün çevik və sürətli taktikalardan istifadə edərək, düşmənə qarşı üstünlük qazanmağa çalışdılar. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında imzaladığı sərəncamda deyilir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Bununla yanaşı, 2022-ci il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi.
2023-cü il mayın 9-da İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etmiş, Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda olmuşlar. Həmin gün Azərbaycan Prezidenti Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpaolunan məzarını ziyarət etmiş, Atatürk küçəsinin, Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsindəki lövhələrin açılışında, həmçinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlinin qoyulmasında iştirak etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il mayın 10-da görkəmli dövlət xadimi, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi gün Şuşadan geniş təbrik müraciəti etdi. Həmin gün Şuşa şəhərində əsaslı yenidənqurma və bərpa işlərindən sonra Yuxarı Gövhər ağa məscidinin, Saatlı məscidinin, Yaradıcılıq mərkəzinin, Milli Xalça Muzeyinin Şuşa filialının açılışları ilə yanaşı, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində, Xurşidbanu Natəvan və Zəfər küçələrində, həmçinin Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki, Dəmir yumruq küçəsinin lövhələrin və Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışıları da keçirildi.
2023-cü il mayın 12-də Şuşa şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi oldu. Bununla yanaşı, 2023-cü il oktyabrın 13-14-də I Türk Dünyası Mədəniyyət Forumunun Şuşada keçirilməsi qədim tarixiə malik Azərbaycan şəhərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.
2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın qədim Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülmüş və “Şuşa – 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur.
2024-cü il mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Həmin gün Şuşa şəhərində “Şirin su” hamamının və Mamayı məscidinin bərpadan sonra açılışı olmuşdur.
2024-cü il mayın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – islam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak etdilər. Prezident İlham Əliyev 2024-cü il iyulun 5-də Şuşada Aşağı Gövhər ağa məscidinin, “İsa bulağı” istirahət kompleksinin və Dövlət Xidmətləri Mərkəzinin, həmin il sentyabrın 19-da isə Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin əsaslı təmir və bərpadan sonra açılışında iştirak etmişdir.
Bu baxımdan, keçirilən mühüm tədbirlər bir daha onu təsdiq edir ki, Şuşa Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin ictimai fikir və milli-ideoloji mərkəzinə çevrilməkdədir. Bütün qeyd edilən faktlara və təhlilə əsaslanaraq əminliklə söyləmək olar ki, Şuşanın mədəni irsi Azərbaycan memarlıq üslubunda bərpa edilməklə, müasir tariximizin yeni və şərəfli dövrü yazılır.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri

