CineMastercard kinoteatrlar şəbəkəsində türkiyəli aktrisa Meryem Uzerlinin iştirakı ilə “İmroz’da Bahar” filminin təqdimat mərasimi keçirilib.
İctimai.az xəbər verir ki, ilk dəfə Bakıya səfər edən aktrisa paytaxtda böyük sevgi və səmimi münasibətlə qarşılanıb. Tədbirə maraq o qədər böyük olub ki, biletlər qısa müddətdə tamamilə satılıb.
Qala gecəsində Meryem Uzerli çoxsaylı pərəstişkarları ilə görüşüb, Azərbaycan tamaşaçılarının sevgisi ilə qarşılaşıb. Gecə iştirakçılar üçün sevilən aktrisa ilə yaxından tanış olmaq baxımından yaddaqalan olub.
Bakıda səfərdə olan aktrisa Heydər Əliyev Mərkəzini də ziyarət edib. O, mərkəzin memarlığı və ekspozisiyası ilə tanış olub.
Filmin diqqət çəkən məqamlarından biri isə “Muhteşem Yüzyıl” serialından tanınan Halit Ergenç və Meryem Uzerlinin 15 ildən sonra yenidən eyni layihədə tərəf müqabili olmasıdır.
“İmroz’da Bahar” filminin süjet xətti yaradıcılıq böhranı yaşayan yazıçı Arifin Gökçeada adasına səfəri və burada Sonya ilə tanışlığı ətrafında qurulub. Həyatlarında ağır itkilər yaşayan iki insanın yollarının kəsişməsi onların həyata və sevgiyə baxışını dəyişir.
Filmin rejissoru və ssenari müəllifi Özcan Alper, prodüseri isə Emre Oskaydır. Layihənin istehsalı Sky Films şirkətinə məxsusdur.
Qeyd edək ki, “İmroz’da Bahar” filmi noyabrın 5-dən etibarən Cinema Distribution şirkətinin dəstəyi ilə Azərbaycanda eksklüziv olaraq CineMastercard kinoteatrlar şəbəkəsinin Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki salonlarında nümayiş etdiriləcək.










