09/11/2026

Peşəkar Psixoloqlar İctimai Birliyi VI Autizm Festivalında fəaliyyətini təqdim edib


2026-cı il Mayın 2-də paytaxtın Fəvvarələr meydanında Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyası və “AzFest Group”un təşkilatçılığı ilə VI Autizm Festivalı keçirilib.
Festivalda Peşəkar Psixoloqlar İctimai Birliyi də iştirak edərək öz fəaliyyətini ictimaiyyətə təqdim edib.Təşkilatın festival ərazisində qurulan stendində həyata keçirdiyi layihələr, psixoloji dəstək, maarifləndirmə və autizm spektr pozuntusu olan şəxslərlə iş istiqamətində fəaliyyəti barədə məlumat verilib. Ziyarətçilərə təşkilatın gördüyü işləri əks etdirən buklet və flayerlər təqdim olunub, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat çatdırılıb.Festivalın əsas məqsədi autizmli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların bacarıq və potensialını nümayiş etdirmək, eyni zamanda autizm spektri ilə bağlı ictimai maarifləndirməni artırmaq olub.Tədbir çərçivəsində autizmli uşaqlar arasında boccia, atletika və stolüstü tennis üzrə idman yarışları keçirilib, müxtəlif təşkilatların təqdimatları və konsert proqramı təşkil olunub.
Qeyd edək ki, VI Autizm Festivalı ölkənin müxtəlif bölgələrində autizm sahəsində fəaliyyət göstərən mərkəzləri, ictimai birlikləri, mütəxəssisləri, autizmli uşaqları və onların ailələrini bir araya gətirərək təcrübə mübadiləsi və əməkdaşlıq üçün mühüm platforma rolunu oynayıb.

Oxşar xəbərlər