11/11/2026

Konstitusiya – güclü dövlətin və hüquqi cəmiyyətin təməl prinsipi

Hər bir müstəqil dövlətin gücü yalnız onun iqtisadi potensialı, siyasi nüfuzu və beynəlxalq mövqeyi ilə deyil, həm də dövlətçilik ənənələrini yaşadan, cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və insan hüquqlarını təmin edən hüquqi əsaslarının möhkəmliyi ilə ölçülür. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik tarixində müstəsna yer tutan, müstəqilliyimizin hüquqi əsaslarını müəyyən edən və gələcək inkişafımızın strateji istiqamətlərini özündə birləşdirən fundamental sənəddir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Bu fikir əsas Qanunumuzun mahiyyətini, fəlsəfəsini və tarixi missiyasını dolğun şəkildə ifadə edir.
Azərbaycanın konstitusiya quruculuğu tarixi mürəkkəb və ziddiyyətli siyasi proseslərlə müşayiət olunmuşdur. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqil dövlətçilik iradəsinin parlaq təzahürü olsa da, qısa müddət fəaliyyət göstərdiyindən dövlətin əsas qanununu qəbul edə bilməmişdir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilmiş, sonrakı illərdə isə sovet dövlət quruluşunun dəyişən tələblərinə uyğun olaraq yeni konstitusion aktlar təsdiqlənmişdir. 1937-ci ildə qəbul edilən Konstitusiyadan sonra 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in növbəti Konstitusiyası qüvvəyə minmişdir. Həmin Konstitusiyanın hazırlanması prosesində Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi milli dövlətçilik baxımından xüsusi əhəmiyyət daşımışdır. Onun təşəbbüsü ilə 73-cü maddədə Azərbaycan dilinin Azərbaycan SSR-in dövlət dili kimi təsbit edilməsi xalqımızın milli-mənəvi dəyərlərinin və ana dilimizin qorunması istiqamətində mühüm tarixi addım olmuşdur. Bu, mürəkkəb siyasi şəraitdə milli kimliyə, dilə və dövlətçilik ənənələrinə göstərilən diqqətin bariz nümunəsi idi.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası Azərbaycanın tarixində yeni dövrün başlanğıcı oldu. Müstəqillik haqqında Konstitusiya Aktında yeni Əsas Qanunun hazırlanması nəzərdə tutulsa da, ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəçilik böhranı və hərbi-siyasi təhlükələr bu prosesin həyata keçirilməsinə mane olurdu. Belə bir mürəkkəb şəraitdə 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında həlledici rol oynadı. Ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət idarəçiliyinin əsasları möhkəmləndirildi və hüquqi dövlət quruculuğu üçün zəruri şərait formalaşdırıldı. Ulu Öndər Konstitusiyanın hazırlanmasını sadəcə hüquqi sənədin qəbul edilməsi kimi deyil, müstəqil dövlətin gələcəyini müəyyənləşdirən tarixi vəzifə kimi qiymətləndirirdi. Onun rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası tərəfindən geniş müzakirələr və hüquqi təhlillər əsasında yeni Əsas Qanunun layihəsi hazırlandı. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda seçicilərin 86 faizi iştirak etdi, səs verənlərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsini dəstəklədi. Beləliklə, müstəqil Azərbaycanın ilk Konstitusiyası xalqın iradəsi ilə qəbul edildi və 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Bu tarixi hadisə Azərbaycan dövlətçiliyinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Məhz buna görə də Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi.
Azərbaycan Konstitusiyasının ən mühüm xüsusiyyətlərindən biri onun mərkəzində insanın, onun hüquq və azadlıqlarının dayanmasıdır. Əsas Qanunumuz insan ləyaqətini, bərabərliyi, azadlığı və ədaləti dövlət siyasətinin fundamental prinsipləri kimi müəyyən edir. Konstitusiyanın 48 maddəsinin bilavasitə insan hüquqları və onların təminatlarına həsr olunması bu sahəyə verilən xüsusi əhəmiyyətin göstəricisidir. Dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən və digər fərqlərindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının tanınması demokratik cəmiyyətin formalaşması üçün möhkəm hüquqi zəmin yaradır. Əsas Qanun hakimiyyətlərin bölünməsi prinsipini təsbit etməklə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin fəaliyyətinin hüquqi çərçivəsini müəyyənləşdirmişdir. Eyni zamanda, hüquqi dövlət quruculuğunun mühüm institutu olan Konstitusiya Məhkəməsinin yaradılması nəzərdə tutulmuş, 1998-ci ildə bu məhkəmə fəaliyyətə başlamışdır. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması ölkəmizdə konstitusion nəzarət mexanizminin formalaşması, hüququn aliliyinin təmin olunması və dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin konstitusion prinsiplərə uyğunlaşdırılması baxımından mühüm mərhələ olmuşdur.
Cəmiyyətin inkişafı, sosial-iqtisadi münasibətlərin dəyişməsi və yeni idarəetmə ehtiyaclarının yaranması Konstitusiyanın təkmilləşdirilməsini zəruri etmişdir. Bu məqsədlə 2002, 2009 və 2016-cı illərdə ümumxalq referendumları keçirilərək Əsas Qanuna əlavə və dəyişikliklər edilmişdir. 2002-ci il referendumunda 24 maddəyə 29, 2009-cu il referendumunda 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik edilmişdir. 2016-cı il referendumunda isə Konstitusiyanın 29 maddəsində 41 əlavə və dəyişiklik qəbul olunmuşdur. Həmin dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi və idarəetmə sisteminin yeni çağırışlara uyğunlaşdırılması baxımından əhəmiyyət daşımışdır. Bu proses Konstitusiyanın dəyişməz bir mətn olmaqla yanaşı, cəmiyyətin inkişaf dinamikasını nəzərə alan hüquqi mexanizm kimi də əhəmiyyətini nümayiş etdirir.
Azərbaycan dövlətçiliyinin müasir inkişaf mərhələsində Konstitusiyanın əhəmiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə daha da artmışdır. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bununla da Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazisində təmin edilmiş, dövlət suverenliyinin konstitusion əsasları daha dolğun şəkildə reallaşdırılmışdır. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu tarixi reallığın və milli dövlətçilik nailiyyətlərinin rəmzi ifadəsinə çevrilmişdir. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30 illiyinin qeyd olunması, həmçinin “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi Əsas Qanunumuzun dövlətçilik tariximizdəki yerinə verilən yüksək qiymətin göstəricisidir.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin hüquqi dayağı, milli maraqlarımızın təminatçısı və davamlı inkişafımızın əsas istiqamətverici sənədidir. Onun müəyyən etdiyi prinsiplər müstəqilliyin qorunması, suverenliyin möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsi və demokratik dövlət quruculuğunun davam etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Konstitusiyaya hörmət yalnız onun müddəalarını bilmək deyil, həm də qanunlara əməl etmək, hüquq və vəzifələrə məsuliyyətlə yanaşmaq, dövlətçilik dəyərlərini qorumaq deməkdir. 12 Noyabr – Konstitusiya Günü xalqımızın müstəqil dövlət qurmaq iradəsinin, hüquqi dövlətçilik ənənələrinin və gələcəyə inamının təntənəsidir. Əsas Qanunumuzun ideya və prinsipləri isə Azərbaycanın qarşıdakı illərdə də güclü, suveren və inkişaf edən dövlət kimi mövqeyini möhkəmləndirməsinin etibarlı təminatıdır.

Nurullayeva Zenfira İslam qızı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Oxşar xəbərlər