14/11/2026

Qonşular köçürüldü, yaşlı qadın sökülən evdə tək qaldı – ŞİRKƏTƏ ETİRAZ

Yaşlı qadının yaşadığı evin xarabalığa çevrilməsi və köçürülmə məsələsində yaranan narazılıq diqqət çəkib.

Doğru.az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 29 ünvanında yaşayan Firuzə İbrahimova ərazidə aparılan söküntü işləri və ona təklif edilən kompensasiya şərtlərindən narazıdır.

Yaşlı qadının sözlərinə görə, qonşuların əksəriyyəti köçürülsə də, onunla razılıq əldə olunmayıb. Nəticədə Firuzə İbrahimova söküntü aparılan ərazidə, yaşayış üçün yararsız vəziyyətə düşən evində qalmağa davam edir.

Qadın “5 ildir mənim canımı aldılar…” deyərək üzləşdiyi çətinliklərdən şikayətlənir. Onun yaşadığı evin damından yağış suları içəri axır, divarlar və digər tikili hissələri isə dağılmaq üzrədir.

Rəsmi sənədlərdə evin sahəsi 76,27 kvadratmetr göstərilib

Şikayətçinin təqdim etdiyi rəsmi sənədlərə və memarlıq-planlaşdırma layihəsinə əsasən, onun mülkiyyətində olan fərdi yaşayış evinin ümumi tikili sahəsi 76,27 kvadratmetr təşkil edir.

Bundan əlavə, “International Price Center” MMC tərəfindən 2023-cü ilin avqust ayında hazırlanmış müstəqil qiymətləndirmə rəyində həmin ünvandakı evin bir kvadratmetrinin bazar dəyəri 5 000 manat müəyyən edilib.

Firuzə İbrahimovanın bildirdiyinə görə, eyni həyətdə yaşayan qohumlarına məxsus evlərin hər kvadratmetri də məhz 5 000 manat hesabı ilə qiymətləndirilib. Belə ki, 22 kvadratmetr sahəsi olan evə görə 110 min manat kompensasiya ödənilib.

Şirkətin təklifi narazılıq yaradıb

Şikayətçinin sözlərinə görə, “Lux Residence” şirkətinin təqdim etdiyi müqavilə layihəsində onun evinin sahəsi 71,4 kvadratmetr göstərilib. Əvəzində isə yeni tikiləcək binada 110 kvadratmetr təmirsiz mənzil və əlavə olaraq 100 min manat pul təklif olunub.

Lakin Firuzə İbrahimova bu təkliflə razılaşmır. O, mülkiyyətində olan 76,27 kvadratmetrlik evinin müstəqil qiymətləndirmədə göstərilən bazar dəyəri və qohumlarına tətbiq olunan hesablama qaydası əsasında kompensasiya edilməsini tələb edir.

Hazırda tərəflər arasında razılıq əldə olunmadığından yaşlı qadın evini tərk etmək istəmir.

Firuzə xala ədalətli həll yolu gözləyir

Bir tərəfdə illərlə yaşadığı evin söküntüsü, digər tərəfdə isə kompensasiya ilə bağlı narazılıq. Yaşlı qadın hesab edir ki, ona da eyni həyətdəki digər mülkiyyətçilərə tətbiq olunan şərtlər əsasında yanaşılmalıdır.

Əsas sual isə budur: Eyni həyətdə yerləşən mülklərə görə fərqli kompensasiya şərtləri niyə tətbiq olunur?

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq. “Lux Residence” şirkətinin də açıqlamasını dərc etməyə hazırıq.

Oxşar xəbərlər