“Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması onilliklər boyu yüksək dinamika ilə inkişaf edən ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Bu sənəd təkcə ənənəvi enerji sektorunu deyil, həm də müdafiə, nəqliyyat-logistika, yüksək texnologiyalar, süni intellekt və investisiya qoyuluşları kimi sahələri əhatə edən genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Tərəflərin müdafiə sənayesi və təhlükəsizlik sahəsində əlaqələri dərinləşdirmək, eləcə də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Orta Dəhlizi inkişaf etdirmək əzmi xüsusi əhəmiyyət kəsb edir.”
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, rəsmi London üçün Azərbaycan təkcə etibarlı enerji təchizatçısı deyil, həm də Avrasiya məkanında formalaşan yeni iqtisadi və nəqliyyat arxitekturasının mühüm həlqəsidir. Qərb dövlətlərinin Mərkəzi Asiyaya və onun zəngin resurs potensialına marağının artdığı bir vaxtda Bakının regional və tranzit tərəfdaş kimi strateji çəkisi daha da artır. Yeni razılaşma Azərbaycanın aparıcı dünya gücləri ilə münasibətləri şaxələndirməyə və maraqlar balansını qorumağa yönəlmiş geniş xarici siyasət kursuna tam uyğundur. Bakı və London arasında əlaqələr əvvəllər də yüksək səviyyədə olub və hələ 1994-cü və 1998-ci illərdə tərəflər arasında mühüm sənədlər imzalanıb. Lakin hazırkı Birgə Bəyannamə ikitərəfli münasibətlərin zirvəsi sayıla bilər, çünki mövcud səmərəli əməkdaşlıq artıq rəsmi hüquqi müstəviyə keçir. Üstəlik, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan nüfuzlu Qərb dövləti ilə strateji tərəfdaşlıq sənədinin imzalanması mühüm və ciddi siyasi uğurdur. Son dövrlər Azərbaycanın ABŞ və Çin kimi qlobal oyunçularla da oxşar sənədlər imzalaması Bakının BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə münasibətlərini strateji səviyyədə rəsmiləşdirmək tendensiyasından xəbər verir.
K.Bayramov qeyd edib ki, Böyük Britaniyanın Azərbaycanla əlaqələri dərinləşdirmək marağının kökündə tarixi amillər dayanır, çünki iki ölkə arasındakı münasibətlər hələ Azərbaycan dövlətçiliyinin təşəkkül tapdığı dövrlərə gedib çıxır. Sonrakı mərhələdə əməkdaşlığın əsas lokomotivi enerji sektoru oldu və Britaniyanın BP şirkəti Azərbaycanın enerji və nəqliyyat layihələrinin reallaşmasında fəal rol oynadı. Bu gün isə həmin tərəfdaşlıq Cənubi Qafqazın hüdudlarından kənara çıxaraq daha geniş coğrafiyanı əhatə edir.
Deputat həmçinin vurğulayıb ki, müdafiə sahəsində əməkdaşlıq perspektivləri xüsusi diqqət tələb edir. Bu istiqamətin konkret detalları gələcəkdə ayrıca bir sənəddə öz əksini tapa bilər. Ən perspektivli istiqamətlərdən biri silahların birgə istehsalı ola bilər ki, bu da Azərbaycan üçün böyük maraq kəsb edir. 1991-ci ildən bəri Britaniya silahlarının alınması təcrübəsinə malik olmayan Bakı üçün Londonun qabaqcıl hərbi texnologiyalarına və mühəndislik təcrübəsinə çıxış əldə etmək müstəsna əhəmiyyət daşıyır. Yeni növ silahların əldə edilməsi həm də regiondakı qonşu ölkələrə münasibətdə çəkindirici amil rolunu oynayır. Gələcək əməkdaşlığın miqyası barədə indidən qəti fikir yürütmək tez olsa da, müdafiə vektorunun Birgə Bəyannamədə təsbit olunması bu sahə üçün zəruri təməl yaradır. Böyük Britaniyanın regional təhlükəsizlikdəki roluna gəldikdə isə burada əsas məsələ Londonun qlobal təhlükəsizlik arxitekturasında müstəqil aktor kimi çıxış etməyə nə dərəcədə hazır olmasından asılıdır. Tarixən dəniz dövləti olan Britaniya öz geosiyasi maraqlarını ilk növbədə hərbi-dəniz donanması vasitəsilə təmin edib.
Bununla yanaşı, K.Bayramov əlavə edib ki, enerji və nəqliyyat-logistika sahələrində Londonun maraqları tam aydındır. Mərkəzi Asiyanın, xüsusilə də bu regiondakı kritik əhəmiyyətli mineral ehtiyatların artan dəyəri bu prosesə əlavə təkan verir. Şübhəsiz ki, Böyük Britaniya həmin resursların hasilatı və daşınması proseslərindən kənarda qalmayacaq. Bu kontekstdə Orta Dəhliz xüsusi strateji önəm qazanır. Londonun Mərkəzi Asiya ölkələri ilə əlaqələri genişləndikcə bu marşrut Britaniya üçün daha da aktuallaşacaq. Bir çox dövlətlər Mərkəzi Asiya respublikaları ilə sazişlər imzalasa da, hasil olunan mineralların və digər faydalı qazıntıların dünya bazarlarına çıxarılması məhz Azərbaycan üzərindən həyata keçiriləcək. Ona görə də Bakı ilə münasibətlərin inkişafı London üçün strateji xarakter daşıyır. Bu gün Böyük Britaniya bu istiqamətdə aparıcı mövqe tutur, Azərbaycan isə Mərkəzi Asiya ilə Avropa bazarları arasında nəqliyyat bağlantısını təmin edən əsas qovşağa çevrilir.
“Strateji tərəfdaşlığın Cənubi Qafqazdakı geosiyasi mənzərəyə mümkün təsirini dəyərləndirərkən, bunu mövcud qüvvələr balansının dəyişməsindən daha çox, regionda daha bir nüfuzlu qlobal oyunçunun möhkəmlənməsi kimi qiymətləndirmək lazımdır. Son illərin dinamikası göstərir ki, regionda və bilavasitə Azərbaycanda müstəqillik dövründən bəri görünməmiş səviyyədə ABŞ və Çin fəallığı artıb, Rusiyanın təsiri isə əksinə, zəifləyib. İndi bu sıraya Böyük Britaniyanın da qoşulması Prezident İlham Əliyevin ustalıqla həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursunun məntiqi davamı və uğurlu nəticəsi kimi dəyərləndirilməlidir”,-deyə deputat bildirib.

