“Büdcə paketində manatın sabit məzənnəsinin makroiqtisadi çərçivənin başlıca elementlərindən biri kimi qeyd edilməsi məzənnə ilə bağlı gözləntilərə müsbət təsir göstərəcək”.
İctimai.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O hesab edir ki, mövcud meyillər davam edərsə, fiskal sektorun valyuta təklifi valyuta bazarında tələbin ödənilməsinə kifayət etməlidir:
“Dövlət xərclərinin konservativ artımı inflyasiya proseslərinin nəzarətdə saxlanılması baxımından da əhəmiyyətlidir. Qiymətləndirmələrimizə görə, 2027-ci ildə gözlənilən büdcə xərclərinin inflyasiyaya təsiri cari xərclər üzrə cəmi +0.34 faiz bəndi olacaq. Əsaslı xərclərin təsiri isə neytral qiymətləndirilir.
Makroiqtisadi hədəflərə nail olunması üçün fiskal siyasətlə pul siyasətinin effektiv koordinasiyası mühüm əhəmiyyət daşıyır. Əvvəlki illərdə olduğu kimi növbəti ildə də Mərkəzi Bank Maliyyə Nazirliyi ilə valyuta bazarında vəziyyətin tənzimlənməsi və likvidliyin idarə edilməsi sahəsində sıx əməkdaşlığı davam etdirəcək”.

