Almaniyanın xarici işlər naziri Yohan Vadeful Azərbaycana səfər edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, bu, Vadefulun Almaniyanın xarici işlər naziri kimi Azərbaycana ilk səfəridir.
“Xarici işlər naziri kimi ilk dəfə olaraq gərginliyin azaldılması və sülh yolu ilə atılacaq addımları necə dəstəkləyə biləcəyimizi müzakirə etmək üçün Bakı və İrəvana səfər edirəm”, – deyə nazir bildirib.
Xəbərə görə, səfərdə məqsəd Azərbaycanla ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsidir.
“Keçən il Almaniya Ermənistan və Azərbaycanla münasibətlərini yeni strateji zəminə qoydu. İndi biz hər iki ölkə ilə birgə razılaşdırılmış strateji gündəliyi praktik layihələr vasitəsilə həyata keçirmək niyyətindəyik. Cənubi Qafqaz regionu Avropa ilə Asiya arasında tarixi qovşaqdır. Bu rol ticarət, enerji tərəfdaşlığı və yeni nəqliyyat əlaqələri üçün böyük potensial açmağa davam edir. Davamlı sülh və açıq sərhədlər təkcə region xalqlarına deyil, həm də bütün Avropa qonşuluğumuzun təhlükəsizliyinə və sabitliyinə fayda verəcək”, – deyə Yohan Vadeful qeyd edib.

