20/11/2026

Kamran Bayramov: Hanoyla yaxınlaşma Bakı üçün əlavə imkanlar açır

“Son illərdə, xüsusilə də 44 günlük Vətən müharibədəki qələbədən sonra Azərbaycan xarici siyasətini nəzərəçarpacaq dərəcədə şaxələndirərək Asiya, o cümlədən Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığa daha çox yer ayırır. Bu kontekstdə Vyetnamla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Regionun ən dinamik inkişaf edən iqtisadiyyatlarından biri olan Vyetnamın özü də xarici əlaqələrinin coğrafiyasını genişləndirir. Hanoyla yaxınlaşma Bakı üçün Cənub-Şərqi Asiyada, Vyetnam üçün isə Cənubi Qafqazda və Asiyanı Avropa ilə birləşdirən nəqliyyat marşrutlarında əlavə imkanlar açır.”

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Vyetnama etdiyi rəsmi səfərinə də məhz bu kontekstdən yanaşmaq lazımdır. Bu səfər To Lamın 2025-ci ilin mayında Bakıya etdiyi və tərəflərin Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyanat qəbul etdikləri dövlət səfərinə cavab xarakteri daşıyır. Diqqətçəkən məqamlardan biri odur ki, birgə bəyanatda Bakı və Hanoy Azərbaycanın ASEAN və onun üzv dövlətləri ilə əlaqələrinin inkişafına dəstək vermək barədə ayrıca razılığa gəliblər. Buna görə də Vyetnamla əməkdaşlıq Bakı üçün Cənub-Şərqi Asiyanın digər ölkələri ilə də münasibətlərin inkişaf etdirilməsi baxımından əlavə imkanlar yaradır. Bu əlaqələrin fəal şəkildə inkişaf etdiyini Vyetnama qonşu olan Kamboca və Laos liderlərinin bu yaxınlarda Azərbaycana etdikləri rəsmi səfərlər də təsdiqləyir. Birbaşa Vyetnamla münasibətlərə gəldikdə isə burada energetika, ticarət və nəqliyyat sahələri ön plana çıxır.

K.Bayramov ikitərəfli münasibətlərin durumundan və perspektivlərindən danışarkən bildirib ki, Bakı və Hanoyu həm də ortaq tarix bitərləşdirir: “Bu gün hər iki tərəfin bir-birinə münasibətini məhz həmin tarix müəyyənləşdirir. Noyabrın 20-də Vyetnamın Baş naziri Le Min Hınq müstəqillik və ölkənin birləşməsi uğrunda mübarizə illərində Azərbaycanın Vyetnam xalqına göstərdiyi dəstəyi xatırladıb. Öz növbəsində, İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə Vyetnamın tutduğu mövqeyi, o cümlədən BMT Təhlükəsizlik Şurasında Azərbaycana verdiyi dəstəyi qeyd edib. Bakı və Hanoy üçün bunlar ölkələrin hər biri üçün ərazi bütövlüyü məsələsinin xüsusi əhəmiyyət daşıdığı dövrlərdə nümayiş etdirilən həmrəylik nümunələridir. Bununla yanaşı, ortaq tarixin praktiki davamı da var. Sovet illərində Azərbaycanda beş minə yaxın vyetnamlı təhsil alıb və onların bir çoxu Bakıda neft ixtisasları üzrə oxuyub. Le Min Hınqın Hanoyda qeyd etdiyi kimi, Azərbaycanda hazırlanmış mütəxəssislər bu gün də Vyetnamın inkişafına öz töhfələrini verməkdə davam edirlər. Ona görə də tərəflər neft-qaz sahəsində əməkdaşlığı və kadr hazırlığını yenidən müzakirə edərkən onilliklər ərzində formalaşmış təcrübəyə arxalanırlar.”

Deputat əlavə edib ki, tərəflərin bu tərəfdaşlığı necə inkişaf etdirmək niyyətində olduqları barədə İlham Əliyevin Le Min Hınq ilə keçirdiyi danışıqlara əsasən fikir yürütmək olar. İlk növbədə, Vyetnam hökuməti başçısının yaxın vaxtlarda Bakıda Vyetnam səfirliyinin açılacağı barədə bəyanatı diqqət çəkir. Qryd etmək lazımdır. ki, Azərbaycan Hanoydakı səfirliyini hələ 2013-cü ildə açıb. Eyni zamanda, strateji tərəfdaşlıq qurulduqdan sonra hökumətlərarası komissiya artıq fəaliyyətini bərpa edib, 2025-ci ilin iyulunda isə birgə işgüzar şuranın ilk iclası keçirilib. Buna görə də böyük əminliklə demək olar ki, Bakıda Vyetnam səfirliyinin açılması Hanoya Azərbaycan qurumları ilə daimi əsasda işləmək və iki ölkənin şirkətləri arasında təmasları dəstəkləmək imkanı verəcək. Vyetnam tərəfi özü də etiraf edir ki, ikitərəfli ticarət hələlik orta səviyyədə qalır və dayanıqlı artıma nail olunmayıb. Vyetnam hökumətinin məlumatına görə, 2025-ci ildə əmtəə dövriyyəsi təxminən 150 milyon dollar, 2026-cı ilin ilk doqquz ayında isə təxminən 60 milyon dollar təşkil edib. Bu fonda tədarükün artımını hansı malların təmin edə biləcəyi məsələsi xüsusi əhəmiyyət daşıyır. Hanoyda keçirilən danışıqlarda tərəflər Azərbaycan neft məhsullarının Vyetnama və daha sonra onun ərazisindən keçməklə Cənub-Şərqi Asiyanın digər ölkələrinə tədarükü imkanlarını müzakirə ediblər. Əgər danışıqlar müqavilələrlə nəticələnsə, Vyetnam azərbaycanlı tədarükçülər üçün qonşu bazarlara çıxış yollarından birinə çevrilə bilər.

K.Bayramovun qənaətinə görə, Hanoy, öz növbəsində, Bakının dəstəyi ilə Cənubi Qafqaz regionunun digər ölkələri ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Məhz bununla əlaqədar Prezident İlham Əliyev Vyetnam şirkətləri üçün Orta Dəhlizin imkanlarına diqqət çəkib. Tərəflər işgüzar səfərlər və turizm baxımından əhəmiyyətli olacaq birbaşa aviareyslərin açılmasını da müzakirə ediblər.

Deputat həmçinin vurğulayıb ki, Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiya arasında ticarət üçün yeni imkanlar açır və burada nikbinlik üçün ciddi əsaslar var. Azərbaycan neft məhsullarının Vyetnam üzərindən tədarükü və Vyetnam yüklərinin Orta Dəhlizlə daşınması zamanla qonşu ölkələri də bu əməkdaşlığa cəlb edə bilər. Əslində, məhz bu cür təşəbbüslər Azərbaycanın AQEM-ə sədrliyinin əsas prioritetlərindən birinə, yəni Asiyada qarşılıqlı bağlılığın inkişafına praktiki məna qazandırır.

Oxşar xəbərlər