26/11/2026

QHT sədrinin səhiyyə sistemindəki “metastaz”la bağlı paylaşımı gündəm oldu

Genofondun qorunması sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndəsi Fuad Əsgərovun səhiyyə sistemindəki problemlərlə bağlı sosial şəbəkə paylaşımı diqqət çəkib.

O, paylaşımında Azərbaycanda səhiyyə sahəsində aparılan islahatları müsbət qiymətləndirsə də, sistemdə hələ də köhnə idarəçilik ənənələrinin hökm sürdüyünü, yenilənmə və kadr islahatlarının zəruriliyini vurğulayıb.

Fuad Əsgərov qeyd edib ki, illərdir səhiyyə sisteminin bütün sütunlarına metastaz vermiş köhnə idarəçilik ənənələri bu sahənin inkişafına ciddi mane olur.

Onun sözlərinə görə, sistemdə köklü təmizlənmənin aparılmaması, görünməz baryerlərin aradan qaldırılmaması, eləcə də sovet dövründən qalma idarəçilik təfəkkürü səhiyyənin inkişafını ləngidən əsas amillərdəndir.

Vətəndaş cəmiyyəti nümayəndəsi hesab edir ki, səhiyyənin inkişafı yalnız yeni xəstəxanaların tikilməsi və müasir tibbi avadanlıqların alınması ilə məhdudlaşmamalıdır. Əsl islahatlar düşüncə tərzinin, idarəetmənin və kadr siyasətinin yenilənməsindən başlamalıdır.

Paylaşımda diqqət çəkən digər məqam isə Fuad Əsgərovun bir sıra dövlət qurumlarını da qeyd etməsidir. Belə ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyini, Milli Hematologiya və Transfuziologiya Mərkəzini, Respublika Qan Bankını, Respublika Klinik Xəstəxanasını və İctimai Səhiyyə və İslahatlar Mərkəzini paylaşımına əlavə edib.

Qeyd edək ki, paylaşımda səsləndirilən fikirlər səhiyyə sistemində idarəçilik, kadr siyasəti və institusional yenilənmə məsələlərini yenidən gündəmə gətirib.

Oxşar xəbərlər