Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bildirib ki, oktyabr ayında ABŞ-da Marsda astronavt həyatını simulyasiya etmək üçün bir il davam edəcək təcrübə başlayacaq.
Dörd könüllü tədqiqatçı bir ili NASA-nın Hyuston Kosmik Mərkəzində 3D çap edilmiş yaşayış mühitində keçirəcək. Təcrübədə Ay, Mars və digər planetlərin gələcək tədqiqinə kömək edəcək məlumatlar toplanacaq.
Könüllülər reallığa mümkün qədər yaxın şərtlərə məruz qalacaqlar. Xüsusilə, onlar resurs çatışmazlığı, avadanlıqların nasazlığı, rabitə gecikmələri, təcrid və məhdud hərəkətlilik və digər stresli vəziyyətlərlə üzləşəcəklər. Onlar həmçinin elmi araşdırmalar aparacaq və Marsda gəzintilərin simulyasiyası və tərəvəz yetişdirilməsi kimi əməliyyat problemlərini həll edəcəklər.