AFFA Ehtiram Quliyevi 15 min cərimələdibackend

AFFA İntizam Komitəsi Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən “Turan Tovuz” – “Zirə” oyunu ilə bağlı cəzaları açıqlayıb.

İctimai.az xəbər verir ki, “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə, klub 5000 manat cərimələnib.

Görüş bitdikdən sonra “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə, Tovuz təmsilçisi daha 15000 manat cəriməyə məruz qalıb.

Heyətində 4 nəfər sarı vərəqə aldığı üçün isə “Zirə” 700 manat cərimə ilə üzləşib.

Qeyd edək ki, Ehtiram Quliyev Azərbaycan kubokunun yarımfinalının ilk görüşündə “Zirə”yə 0:2 hesablı məğlubiyyətdən sonra qalmaqallı açıqlamalar vermişdi. O, 2 penaltilərini verməyən baş hakim Əliyar Ağayev haqqında danışmışdı:

“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, haqqımızı içməsinlər. 1 il boyu əziyyətimizi gəlib 1 gündə yerə vurulur. Əliyarın “Turan”nın oyunlarına təyinatından biz belə halları gözləyirdik. Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun. Futbolda bəzi şeylər dəyişməlidir. Bunlar dilə gətirilməlidir. Biz səssiz qaldıqca, Əliyargillər belə oyun idarə edəcək, futbolumuzu yaman günə qoyacaq. Azərbaycan futbolunun Əliyargillərdən canı qurtarmalıdır” – deyə klub rəhbəri açıqlamasında bildirmişdi.