Ağdamın Kəngərli kəndində bazarın açılışı olub, Zəfər yarmarkası keçirilibbackend

Ağdam rayonunun işğaldan azad olunmuş Kəngərli kəndində 8 Noyabr – Zəfər Günündə kənd təsərrüfatı məhsullarının satılacağı bazarın açılışı olub və Zəfər yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, yarmarkada ət və süd məhsulları, meyvə-tərəvəz, şirniyyatlar satışa çıxarılıb. 32 ildən sonra doğma yurda qayıtmış kənd sakinləri yarmarkada böyük qürur və sevinclə iştirak ediblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, işğaldan azad olunmuş ərazilərdə Zəfərin 5 illiyi münasibətilə rəngarəng tədbirlər keçirilir. Bunlardan biri də Ağdam rayonunun Kəngərli kəndində təşkil olunan Zəfər yarmarkasıdır. Yarmarkada kiçik sahibkarlar, kənd sakinləri öz məhsullarının satışı ilə məşğuldurlar. Gün ərzində Ağdamda Zəfər Günü ilə bağlı tədbirlər davam edəcək.