Ağdərədə mina partlayıbbackend

İşğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında aprel ayının biri tarixində mina hadisəsi baş verib.

İctimai.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Mahir Abdulla oğlu Məhərrəmov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!