“Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində məlumatlandırma sessiyalarına yekun vurulubbackend

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə həyata keçirilən “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində keçirilən gənclər üçün məlumatlandırma sessiyalarına yekun vurulub.

“İrəli” İctimai Birliyinin Mətbuat Xidmətindən bildirilib ki, layihə çərçivəsində baş tutan məlumatlandırma sessiyaları Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti olmaqla üç ali təhsil müəssisəsində, ümumilikdə 200-ə yaxın gəncin iştirakı ilə keçirilib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Qarabağ Dirçəliş Fondunun nümayəndələrinin iştirakı ilə keçirilən məlumatlandırma sessiyalarında iştirakçılar “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə dünya praktikası, “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin dayanıqlı inkişaf prosesində rolu, onun iqtisadi əhəmiyyəti, Qarabağın dirçəlişi prosesində “Ağıllı şəhər”lərin rolu, habelə “Qarabağda urbisid” layihəsi ilə yaxından tanış olaraq bu sahədə yeni biliklər əldə ediblər.

Həmçinin qeyd olunub ki, “Ağıllı Qarabağı tanıyaq” layihəsi Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir. Layihənin əsas məqsədi böyük qayıdış prosesində gənclərin rolunu daha da artırmaq, gənclərin “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyaları haqqında məlumatlılığını təmin etmək və dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin cəmiyyət arasında təbliğində fəal iştirak etməkdir. Layihənin davamlılığının təmin olunması məqsədilə növbəti fəaliyyət müddətində də bu kimi tədbirlər davam etdiriləcək.