Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilibbackend

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib.

Bu barədə DİM-dən bildirilib.

İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunub.

İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.

Fevralın 17-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Mərkəzin saytına yerləşdiriləcək.

İmtahanda iştirak edənlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) da sabah DİM-in internet saytının “Xidmətlər” bölməsində > “E-xidmətlər” > “DİM-in nəşrlərinin elektron versiyalarının satışı” > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə biləcəklər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).