Qlobal Xəstəlik Yükü Tədqiqatının beynəlxalq alimlər qrupu belə nəticəyə gəlib ki, 2050-ci ilə qədər dünyadakı böyüklərin yarıdan çoxu (3,8 milyard nəfər) və uşaq və yeniyetmələrin üçdə biri (746 milyon nəfər) artıq çəkidən və ya piylənmədən əziyyət çəkəcək. Bu, dünya miqyasında vaxtından əvvəl xəstəlik və ölüm riskini artıraraq, ictimai sağlamlıq üçün görünməmiş təhlükə yaradacaq.
Hesabat “The Lancet” elmi jurnalında dərc olunub.
Məlumatların təhlili göstərir ki, son üç onillikdə artıq çəkidən əziyyət çəkən və kökəlmiş yetkinlərin sayı 1990-cı ildəki 731 milyondan 2021-ci ildə 2,11 milyarda yüksəlib. Uşaq və yeniyetmələr arasında isə həmin dövrdə bu rəqəm 198 milyondan 493 milyona yüksəlib.
Obez gənclərin sayının 2021-ci ilə nisbətən 121% artaraq 2050-ci ilə qədər 360 milyona çatacağı proqnozlaşdırılır.
2021-ci ildə dünyadakı yetkin insanların təxminən yarısı (1 milyard kişi və 1,11 milyard qadın) artıq çəkidən və ya piylənmədən əziyyət çəkirdi. 2050-ci ilə qədər bu rəqəm kişilər və qadınlar üçün 60%-ə yüksələcək.