Kaliforniya Universitetinin amerikalı alimləri Arktikanın əbədi buzlaqlarında civə ehtiyatlarını qiymətləndiriblər. Onların fikrincə, onun tərkibində saxlanılan zəhərli metalın miqdarı Yer kürəsinin qalan torpaqlarında, okeanlarda, atmosferdə və biosferdə birləşən miqdarından artıqdır. Tədqiqat Environmental Research Letters (ERL) elmi jurnalında dərc olunub.
Arktika iqlim dəyişikliyi səbəbindən qlobal orta göstəricidən dörd dəfə daha sürətlə istiləşdikcə, minilliklər boyu daimi donmuş ərazidə saxlanılan civə çaylara yuyulur və ətraf mühitə buraxılır.
Toksinin həm ətraf mühitə, həm də Arktika zonasında yaşayan 5 milyon insanın sağlamlığına təhlükə yaratdığı təxmin edilir. Bunlardan 3 milyondan çoxu 2050-ci ilə qədər əbədi donun tamamilə yox olacağı ehtimal edilən ərazilərdə yaşayır.
Mənbə: ERL