Edith Cowan Universitetinin avstraliyalı alimləri qitənin qərb sahillərində yerləşən Montebello adalarında çox böyük radiasiya səviyyəsini aşkar ediblər. Britaniyanın nüvə sınaqları burada 20-ci əsrin ortalarında aparılıb.
Tədqiqat Marine Pollution Bulletin (MPB) elmi jurnalında dərc olunub.
1952-1956-cı illər arasında Montebello adalarında Qasırğa Əməliyyatı və Mozaika Əməliyyatı kod adı ilə üç nüvə silahı sınağı keçirildi.
Ən güclü partlayış (60 kiloton) təkcə kraterləri deyil, həm də uzunömürlü radioaktiv izotopları – plutonium, sezium-137 və stronsium-90-ı geridə qoyub.
70 ildən sonra arxipelaqın çöküntülərində plutoniumun konsentrasiyası fon səviyyəsindən 4500 dəfə yüksək olub.
Tədqiqatın aparıcı müəllifi Madison Williams-Hoffman, “Plutonium təbiətdə yoxdur və tamamilə insan tərəfindən yaradılıb” dedi.