ABŞ-ın Sistem Biologiya İnstitutunun (ISB) molekulyar bioloqları insanın metagenomunda aşkar edilmiş DNT fraqmentlərini təhlil edərək, onun qida rasionu haqqında məlumat əldə etmək üçün yeni üsul yaradıblar. Bu kəşf, anket kimi ənənəvi üsulları əvəz edərək, qidalanma araşdırması prosesini xeyli asanlaşdırır.
Bu barədə Sistem Biologiya İnstitutu (ISB) portalında məlumat verilib.
Tədqiqatçılar 400-dən çox qida növünü həmin qidaların istehlakı ilə bağlı metagenomdakı dəyişikliklərlə əlaqələndirən nəhəng verilənlər bazasından istifadə ediblər.
Metagenom insan bağırsağına daxil olan qida, bakteriya və ya insan hüceyrələrindən gələn DNT-nin bütün hissələrinin toplusudur. Alimlər müəyyən qidaların istehlakı nəticəsində metagenomun strukturunda baş verən dəyişikliklərin unikal ola biləcəyini və insanın nə yediyini dəqiq müəyyən etməyə imkan verdiyini irəli sürüblər.
İdeyalarını həyata keçirmək üçün mütəxəssislər bioinformatika metodlarından istifadə etməklə 300 milyarddan çox DNT nukleotidini ehtiva edən verilənlər bazasını təhlil ediblər. Bu, bir insanın metagenomunun tərkibinə əsasən, son vaxtlar hansı qidaları və yeməkləri istehlak etdiyini yüksək dəqiqliklə müəyyən edə bilən alqoritm yaratmağa imkan verdi.