Corciya Universiteti və Oklahoma Universitetindən olan amerikalı alimlər son 40 ildə 300 xəstəliyin yayılmasının geniş miqyaslı təhlilini aparıblar. Nəticələr göstərdi ki, yoxsulluq infeksiyaların yayılması üçün ideal şərait yaradır. Tədqiqat Microorganisms elmi jurnalında dərc olunub.
Komanda aşkar edib ki, vərəm və vəba kimi bakterial epidemiyalar tibbi infrastrukturun zəif və antisanitar şəraiti olan regionlarda daha çox olur. Eyni zamanda, ekoloji dəyişikliklər, o cümlədən iqlim anomaliyaları və vəhşi heyvanlarla təmas, virus xəstəliklərinin yayılmasına səbəb olur.
“COVID-19 pandemiyası sosial amillərin xəstəliklərin yayılmasına necə təsir etdiyini açıq şəkildə göstərdi. Təbabətə çıxışı zəif olan yoxsul ərazilərdə hər hansı infeksiya daha sürətli yayılır və daha ağır nəticələrə səbəb olur” deyə aparıcı tədqiqatçı Payton Phillips izah edib.