Alimpaşa Məmmədov məhkəmədə son söz deyibbackend

Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov məhkəmədə son sözünü deyib.

“Report”un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədova son söz verilib. O, özünü qismən günahkar bilsə də, bir çox maddələrdə özünü təqsirli bilməyib və hakimdən onun əfv edilməsini istəyib. Həmçinin ona ittiham olunan dövlətə vurulan zərərin tam ödənildiyinin nəzərə alınmasını da xahiş edib.

Məhkəmənin qərarı ilə növbəti proses iyunun 24-nə təyin olunub.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.