Almaniyanın Köln şəhərində İkinci Dünya Müharibəsindən qalan 3 partlamamış bombanın tapılmasından sonra 20 mindən çox insan müvəqqəti olaraq evlərini və iş yerlərini tərk edəcək.
Bu barədə Bild-ə şəhər rəhbərliyi məlumat verib.
Mənbənin sözlərinə görə, partlayıcı tapıntılar bazar ertəsi, iyunun 2-də Deutz ərazisində torpaq tədqiqatı zamanı aşkar edilib. Səlahiyyətlilər təxliyyənin hərbi sursatların zərərsizləşdirilməsi əməliyyatı başlamazdan əvvəl çərşənbə günü həyata keçiriləcəyini bildirib.
Altstadt və Deutz rayonlarının sakinləri və müəssisələrinin işçiləri, habelə yerli mehmanxanaların qonaqları – ümumilikdə 20,5 minə yaxın insan müvəqqəti olaraq köçürüldü. Təxliyyə zonasına RTL televiziya və radio şirkətinin binası, dəmiryol vağzalı, Köln bələdiyyəsinin binası, xəstəxana, iki qocalar evi, bir neçə məktəb və uşaq bağçası daxildir.