Bild qəzetinin polisə istinadən verdiyi məlumata görə, Almaniyanın Hanau şəhərində (Mərkəzi Almaniyanın Hessen əyalətində) naməlum şəxslər 50-yə yaxın avtomobilə və binanın fasadlarına qanla svastikalar çəkiblər.
Noyabrın 5-də axşam saatlarında yerli sakin avtomobilin üzərindəki svastika barədə polisə məlumat verib.Hüquq-mühafizə orqanları gəlib əraziyə baxış keçirən zaman digər avtomobillərin, eləcə də binaların və poçt qutularının üzərində svastika aşkar edilib. Svastikaların rənglənməsi üçün istifadə edilən maddənin yoxlanılması onun insan qanı olduğunu üzə çıxarıb.
Polisin məlumatına görə, mümkün xəsarətlər barədə məlumat yoxdur. Əmlakın zədələnməsi və qadağan olunmuş təşkilatların simvollarından istifadə edilməsi ilə bağlı cinayət işi açılıb.












