19 noyabr 2025-ci il tarixində AmCham Azərbaycan nümayəndə heyəti ilə Maliyyə Monitorinqi Xidməti (MMX) arasında yüksək səviyyəli görüş keçirilmişdir. Görüşdə MMX-ın İdarə heyətinin sədri Zaur Fətizadə başda olmaqla qurumun rəhbər heyəti iştirak etmişdir.
Görüşün əvvəlində çıxış edən Zaur Fətizadə AmCham Azərbaycanın uzun illərdir ölkədə biznes mühitinin inkişafına verdiyi töhfələri və qurumlararası əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndirdiyini vurğulamışdır. O, bu platformanın dövlət–özəl sektor dialoqunun güclənməsində mühüm rol oynadığını söyləmişdir.
Görüş AmCham Azərbaycanın Ağ Sənəd 2025 çərçivəsində təqdim olunmuş təkliflərin müzakirəsinə həsr olunub. Tərəflər maliyyə-bank sektoruna dair gözləntiləri, qeyri-bank seqmentində ƏL/TMM nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərini, komplayns və şəffaflıq sahəsində tənzimləyici yanaşmaların gücləndirilməsi məsələlərini, həmçinin dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi perspektivlərini ətraflı şəkildə nəzərdən keçirib. Müzakirələr zamanı biznes mühitində etibarlılığın artırılması və daha effektiv tənzimləyici çərçivələrin formalaşdırılması üçün birgə fəaliyyət imkanları dəyərləndirilib.
Görüşün davamında MMX tərəfindən tətbiq olunan ŞƏMS (Şübhəli Əməliyyatların Monitorinq Sistemi) platformasının inteqrasiya imkanları, funksionallığı və inkişaf istiqamətləri təqdim olunub. MMX nümayəndələri sistem üzrə aparılan yenilənmə prosesləri, eləcə də gələcək mərhələlərdə nəzərdə tutulan texnoloji və metodoloji təkmilləşdirmələr barədə məlumat verib. ŞƏMS-in inkişafının maliyyə sektorunda şəffaflığın və hesabatlılığın gücləndirilməsinə, komplayns risklərinin azaldılmasına xidmət etdiyi vurğulanıb. Zaur Fətizadə həmçinin maliyyə əməliyyatlarında şəffaflığın təmin olunması və komplayns risklərinin minimuma endirilməsi istiqamətində dövlət qurumları ilə biznes icmasının birgə fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Görüş çərçivəsində beynəlxalq əməkdaşlıq perspektivlərinə toxunulub və ölkədə maliyyə sabitliyi və beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi üçün əlavə imkanlar yarada biləcəyi qeyd olunub.
Müzakirələrin nəticəsi olaraq tərəflər bir sıra əməli fəaliyyət istiqamətləri üzrə razılığa gəlib. Belə ki AmCham Azərbayan platforması vasitəsilə ƏL/TMM və komplayns mövzularında maarifləndirici təlim sessiyalarının təşkili, bank sektoru ilə tematik və analitik görüşlərin keçirilməsi, həmçinin qaldırılan məsələlərin dərinləşdirilmiş araşdırılması və koordinasiyalı şəkildə davam etdirilməsi məqsədilə MMX və AmCham Azərbaycan nümayəndələrindən ibarət birgə işçi qrupunun formalaşdırılması daxildir.
AmCham Azərbaycan Bank-Maliyyə-Sığorta Komitəsinin 2026-cı il fəaliyyət planı da bu mövzulara xüsusi prioritet ayırır və görüş zamanı müəyyən edilmiş istiqamətlər əsasında genişlənmiş əməkdaşlıq və maarifləndirici təşəbbüslərin icrasını nəzərdə tutur.
Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən AmCham Azərbaycan 300-ə yaxın üzv şirkəti təmsil edən aparıcı biznes assosiasiyası kimi ölkədə əlverişli biznes mühitinin təşviqinə yönəlmiş fəaliyyətini aktiv şəkildə davam etdirir.














