AMEA-da “Daş təpələr: sivilizasiyanın erkən coğrafiyası” mövzusunda elmi seminar keçirilibbackend

Dekabrın 14-də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə Türkiyənin Şanlıurfa şəhəri yaxınlığında yerləşən “Göbəklitəpə” arxeoloji abidəsinə həsr olunmuş dünyanın mədəni irsi silsiləsindən “Daş təpələr: sivilizasiyanın erkən coğrafiyası” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları, Mədəniyyət Nazirliyinin, Qobustan Milli Tarixi-Bədii Qoruğunun nümayəndələri, eləcə də İstanbul Universitetinin alimləri, arxeoloqlar Dr. Necmi Karul, Dr. Eylem Özdoğan və aidiyyəti şəxslər iştirak ediblər.

Mərkəzi Elmi Kitabxanada keçirilən tədbiri giriş sözü ilə akademik İsa Həbibbəyli açıb. Qeyd edib ki, min illərə dayanan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətləri əsasən, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə geniş şəkildə inkişaf etməyə başlayıb və Ümummilli Lider “Bir millət, iki dövlət” şüarı ilə Azərbaycan-Türkiyə birliyinin yeni tarixi epoxadakı təməllərini atıb.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında olan möhkəm dostluq, qardaşlıq, həmrəylik münasibətlərinin bütün dünyaya nümunə olduğunu deyən AMEA rəhbəri diqqətə çatdırıb ki, yeni mərhələdə Azərbaycan-Türkiyə əlaqələri ənənədən birliyə, təcrübədən əməkdaşlığa doğru keçid edir. Azərbaycanın haqq savaşı olan Vətən müharibəsində türk xalqının və onun dünya lideri nüfuzlu Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə verdiyi siyasi, mənəvi dəstəyi xatırladan akademik İsa Həbibbəyli bildirib ki, bu dəstək hazırkı tarixi epoxada analoqu olmayan birliyimizin yüksək səviyyəyə çatdığını dünyaya göstərdi. Akademikin sözlərinə görə, 15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” ölkələrimiz arasındakı sıx birliyin hüquqi müstəvidə təsbiti oldu.

Türkiyənin Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərində də yaxından iştirak etdiyini deyən AMEA rəhbəri qardaş ölkənin şirkətlərinin Böyük Qayıdış prosesinə öz töhfələrini verdiyini söyləyib.

“Azərbaycan-Türkiyə münasibətləri elmi baxımdan da özünün yeni mərhələsinə qədəm qoyub. Bu gün AMEA-nın elmi müəssisə və təşkilatları Türkiyənin universitetləri, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və onun tabeliyində olan Atatürk Araşdırma Mərkəzi, Türk Dil Qurumu və Türk Tarix Qurumu ilə sıx əməkdaşlıq edir, birgə konfranslar, seminarlar keçirir, kitablar nəşr etdirir. TÜBİTAK-la isə texniki sahədə sıx əməkdaşlıq edilir və 2021-ci ildə birgə elan etdiyimiz layihəyə maraq yüksək olub və 100-dən çox iş təqdim olunub. Eyni zamanda Türkiyə Elmlər Akademiyası ilə münasibətlərimiz inkişaf etdirilir. Türkiyə Elmlər Akademiyasının yeni prezidenti seçilmiş prof., Dr. Müzəffər Şəkər məhz ilk səfərini ölkəmizə, “TEKNOFEST” çərçivəsində Azərbaycana edib və AMEA-da onunla görüş keçirilib”, – deyə akademik İsa Həbibbəyli bildirib.

Seminarın əhəmiyyətinə toxunan AMEA rəhbəri qardaş Türkiyənin dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu deyib, “Göbəklitəpə” arxeoloji abidəsinin bunun əyani göstəricisi olduğunu söyləyib. Vurğulayıb ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları türkiyəli həmkarlarına arxeoloji qazıntıların aparılması işində öz töhfələrini verə bilərlər və bu gün keçirilən seminar tərəflər arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaq.

Sonra İstanbul Universitetinin alimləri, prof. Dr. Necmi Karul “Daş təpələr layihəsi: Göbəklitəpə və Karahantəpə qazıntıları”, dosent, Dr. Eylem Özdoğan isə “Sayburc – Şanlıurfada yeni Neolit abidəsinin kəşfi” mövzusunda məruzələrlə çıxış ediblər. Türkiyəli mütəxəssislər seminarın Azərbaycanla Türkiyə arasında bu sahədə əlaqələrin qurulması, qarşılıqlı kadr mübadiləsinin həyata keçirilməsi və birgə arxeoloji qazıntıların aparılması baxımından önəminə toxunublar. Həmçinin məruzələrdə qədim yaşayış məskənləri olan Göbəklitəpə, Karahantəpə və Sayburcda aparılan arxeoloji qazıntılar, aşkarlanan daş təpələr və s. barədə tədbir iştirakçılarına məlumat verib, sualları cavablandırıblar.