Hazırda nəqliyyatın sıxlığı və uzun tıxacların mövcudluğu böyük şəhərlərin qarşılaşdığı ən ciddi problemlərdən biridir. Xüsusilə Bakı şəhərində iş və dərs saatlarının eyni vaxta təsadüf etməsi və ictimai nəqliyyat sisteminin ciddi surətdə yüklənməsi bu problemi daha da dərinləşdirir. Müasir dövrdə gündəlik problemimizə çevrilən tıxac vaxt itkisinə səbəb olmaqla bərabər, insanların produktivliyinə və həyat keyfiyyətinə də mənfi təsirsiz ötüşmür. Bu problemi aradan qaldırmaq üçün beynəlxalq təcrübədə rast gəlinən modellərdən biri də “dəyişkən iş qrafiki” modelidir. Bu model insanların fərqli saatlarda işləməklərini təmin etməklə, nəqliyyatın intensiv sıxlığını azaltmağa xidmət edir. “Dəyişkən iş qrafiki” modelinin tətbiqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”-da təsbit edilmişdir.
Bu məqalədə “dəyişkən iş qrafiki” modelinin tıxacın həlli istiqamətində rolu və Azərbaycanda tətbiqi perspektivləri təhlil ediləcəkdir.
Bakı şəhərində tıxacın vəziyyəti necədir?
Bakı şəhərində uzun tıxacların mövcudluğu və nəqliyyatın intensiv sıxlığı əhalinin tez-tez qarşılaşdığı ən əhəmiyyətli problemlərdəndir. Xüsusilə günün pik saatları kimi tanınan 07:00-09:30 və 17:30-20:00 saatlarında Bakı şəhərinin bir çox küçələrində, eləcə də Bakı-Sumqayıt yolunda ciddi tıxac müşahidə olunur. Bunun səbəbi isə bir çox iş yerlərinin və ali təhsil müəssisələrinin Bakı şəhərində yerləşməsi ilə bərabər, iş yerlərində və ali təhsil müəssisələrində iş və dərs saatlarının eyni saatda başlaması və bitməsi, bu səbəbdən də insanların eyni vaxtda yaşadıqları əraziləri tərk edərək hərəkət halında olmasıdır. Buna görə də, tıxacın intensivliyinin azaldılması, bu sahədə mövcud problemin həll edilməsi üçün tətbiq edilməsi zəruri olan modellərdən biri “dəyişkən iş qrafiki” modelidir.
“Dəyişkən iş qrafiki” dedikdə, nə nəzərdə tutulur?
“Dəyişkən iş qrafiki” modeli adətən tətbiq olunan iş saatlarından fərqli olaraq, işçilərin iş saatlarının başlama və bitmə müddətini daha fərqli müddət üzrə müəyyən edilməsini təmin edən bir modeldir. Bu model işçilərin eyni saatlarda işə başlayıb eyni saatlarda işdən çıxması hallarını azaltmaqla, küçələrdə və ictimai nəqliyyatda yaranan sıxlığı azaltmaq, işçilərin həyat keyfiyyətini və produktivliyini artırmaq məqsədi daşıyır. “Dəyişkən iş qrafiki” modeli 3 üsulla həyata keçirilə bilər:
-
Dəyişkən iş saatları (“flexible hours”) – birbaşa olaraq, gündəlik iş saatını dəyişdirməmək şərti ilə, işçilərin müxtəlif saatlarda işə başlamasını və ona müvafiq surətdə, iş saatlarının bitməsini nəzərdə tutur. Məsələn, adətən işçilərin iş saatı 09:00-da başlayırsa, bu üsul bir sıra işçilərin iş saatlarının 08:00-10:00 aralığında (məsələn, bir qrup şəxslərin iş saatının 08:00-da, bir qrup şəxslərin iş saatının 09:30-da və s.) başlamasını nəzərdə tutur.
-
Növbəli iş rejimi (“shift work”) – bu üsul işçilərin növbəli şəkildə işləməsini nəzərdə tutur. Məsələn, eyni vakant yer üzrə bir şəxs səhər növbəsində, bir şəxs günorta növbəsində, digər şəxs isə axşam növbəsində əmək funksiyalarını icra edir.
-
Uzaqdan işləmə (“remote work”) – bu üsulun tətbiqi texnologiyanın inkişafı ilə əlaqədar günümüzdə praktiki cəhətdən mümkün görünür. İşin mahiyyətindən asılı olaraq, həftənin bütün günlərində və ya müəyyən günlərində və ya günün müəyyən saatlarında uzaqdan işləməyi nəzərdə tutur. İşçi həftənin müəyyən günləri və ya günün müəyyən saatları fiziki, həftənin müəyyən günləri və ya günün müəyyən saatları uzaqdan işləyirsə, bu artıq hibrid iş rejimi adlanır və bu metod artıq beynəlxalq təcrübənin bir parçası halına gəlmişdir.