Anar Məmmədov: Aprel döyüşləri böyük qayıdış prosesinin başlanğıcı oldubackend

Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən altı il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsiniGoranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini düşmən qüvvələrindən tam azad etdilər. Azərbaycan ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Aprel döyüşləri Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldıDörd gün davam edən döyüşlər zamanı Azərbaycan bütün dünyaya bir daha çatdırdı ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Gec-tez zamanı gəldiyində onu azad edəcək. Azərbaycan erməniləri və havadarlarını beynəlxalq hüquqa, onun normalarına, BMT-yə, onun Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə bir daha dəvət etdi. Hadisələr Azərbaycan hakimiyyəti ilə cəmiyyətinin torpaqların azad edilməsində bir mövqedə olduğunu isbatladı. Döyüşlər ölkə ictimaiyyətinin torpaqların işğaldan xilas olması üçün hakimiyyətə hər cür dəstək verdiyini də göstərdi. Bu döyüşlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını hədəf olaraq bir daha ortaya qoydu. Beynəlxalq ictimaiyyətə, ermənilərə və havadarlarına bu ismarıc bir daha verildi. Bundan başqa, Aprel döyüşləri ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyini yenidən təsdiqlədi.

Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı. Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. İstər şanlı Aprel döyüşləri və Günnüt zəfəri bütün dünya ölkələrinə bir daha göstərdi ki, Azərbaycan hər an öz torpaqlarını düşmən tapdağından azad etməyə qadir ölkədir.
Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan xalqı vətənpərvər, qorxmaz, igid, qəhrəman və mərddir. Onlar son damla qanınacan döyüşərək doğma vətənini gözbəbəyi kimi qorumağı özünə müqəddəs borc bilir.

Bu döyüşlərdə əldə etdiyimiz qələbə böyük qayıdış prosesinə start verilməsinə səbəb oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Məhz, dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə böyük qayıdış prosesinə start verildi.

Məhz Aprel döyüşləri sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin torpaqların işğaldan azad edilməsi istiqamətində başladığı əks-hücumun təməlini qoydu.