Anar Məmmədov: Azərbaycan regional iqtisadi əhatə dairəsini getdikcə artırırbackend

Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, ölkəmizdə iqtisadi və sosial siyasətin adekvatlığı təmin edilir. Belə ki, respublikanın iqtisadi-maliyyə imkanları artdıqca sosial sferada əhalinin rifah halının yaxşılaşmasını hədəfləyən təşəbbüslərin miqyası da genişlənir. Cari ilin birinci yarısının yekunlarının təhlili göstərir ki, keçən dövr ərzində bu hədəflərin hamısına nail olunub. Belə ki, ötən 6 ayda iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye istehsalı 11,5 faiz, əhalinin gəlirləri təxminən 20 faiz artıb. İxracın 2 dəfədən çox, qeyri-neft ixracının isə 25 faizdən çox artması çox yaxşı göstəricidir və görülən səmərəli işlərin təzahürüdür. Prezident İlham Əliyevin apardığı gələcəyə yönəlik və dərin təhlillələrə əsaslanan iqtisadi və xarici siyasəti nəticəsində Azərbaycan regional iqtisadi əhatə dairəsini getdikcə artırır və öz iqtisadi maraqlarının Avrasiya regionunda təmin olunması yolunda əhəmiyyətli nəticələr əldə etməkdədir.

Son illərdə Azərbaycanın ən yaxşı iqtisadi inkişaf göstəriciləri qeyri-neft sənayesində qeydə alınır. Bu da onunla bağlıdır ki, Prezident İlham Əliyev respublikamızda müasir texnologiyalara və yeni yanaşmalara əsaslanan sənaye quruculuğuna güclü siyasi iradə göstərir. Dövlət dəstəyinin məntiqi nəticəsidir ki, qısa müddətdə respublikamızda bir neçə iri sənaye parkı yaradılıb. Azərbaycanın müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, dünyanın kosmik ailəsində yerini möhkəmlətməsi qürurverici haldır. Hazırda respublikamızın sənaye xəritəsi regionlara doğru genişlənir.  Bu imkan sayəsində dünyada gedən ağrılı iqtisadi problemlərə baxmayaraq, Azərbaycanda yeni istehsal müəssisələri işə salınır. Məsələn, Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” və “Glassica” müəssisələri artıq açılışa tam hazırdır. Eyni ərazidə Çin investoruna məxsus “Azərbaycan Vanhong Ceramics Co.” zavodunun bu yaxınlarda təməli qoyulacaq. Bundan əlavə, dövlət başçısının tapşırıqları əsasında Daşkəsən dağ-filiz mədən klasterinin yaradılması üzrə işlər cədvələ uyğun gedir. Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə barədə isə müqavilə imzalanmışdır.

Bütün bunlar isə deməyə əsas verir ki, müstəqil Azərbaycan bu gün inkişafının yeni mərhələsini yaşayır. Ölkədə milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmək üçün məqsədyönlü sosial-iqtisadi islahatlar həyata keçirilir. Bunun nəticəsində iqtisadiyyatın həcmi getdikcə böyüyür, infrastruktur yenilənir və güclənir, maliyyə imkanları genişlənir və nəhayət, Azərbaycan yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənir. Belə bir iqtisadi güc isə Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verir.  İqtisadi qüdrəti şərtləndirən əsas amillər isə ölkəmizdə həyata keçirilən təkmil islahatlar, şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin artırılması, idarəetmə sistemində təkmilləşmə, yüksək ixtisaslı gənc kadrların idarəçilikdə irəli çəkilməsi və sairdirDövrün tələbinə uyğun  təkmilləşmə dayanıqlı inkişafa geniş imkanlar açır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri genişmiqyaslıdır, bütün işləri Azərbaycan öz daxili imkanları hesabına həyata keçirir ki, bu da ölkəmizin gücünü, qüdrətini, gələcəyə hesablanmış siyasətin uğurlarını nümayiş etdirir.

Belə bir şərait beynəlxalq ictimaiyyətin həm siyasi nöqteyi-nəzərdən postmünaqişə reallıqlarını qəbul etməsini şərtləndirir, həm də Azərbaycana olan diqqətini daha da artırır. Bu maraq böyük investisiya layihələrində də özünü qabarıq büruzə verir. 

Bütövlükdə ölkəmizin tərəqqisi davamlı, dinamik və hərtərəfli xarakter alıb, bu ilin ilk altı ayının nəticələri Azərbaycan iqtisadiyyatında artım tendensiyasının davam etdiyindən xəbər verir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı